Press "Enter" to skip to content

Azərbaycan diasporundan Tokioda daha bir vacib addım

Bayraqdar.info – Sentyabr ayının 1-dən Tokio şəhərində “Ajmedia.jp” xəbər saytı fəaliyyətə başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd edilib ki, xəbər saytı Azərbaycan diaspor fəallarının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun və ölkəmizin yapon dostlarının dəstəyilə ərsəyə gəlib.

Vurğulanıb ki, iki dost xalq arasında əməkdaşlığa töhfələr vermək məqsədilə yaradılan saytda məlumatlar Azərbaycan, yapon və ingilis dillərində yayılacaq: “Saytın yaradıcıları əmindirlər ki, Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, mətbəxinin, müasir inkişafının təbliği Yaponiyada və dünyada doğma vətənimizə marağın daha da artmasına və turist axınına təkan verəcək”.

Saytın baş redaktoru Akira Matsunaqa bildirib ki, fəaliyyətləri ilə Yaponiyada və ətraf ölkələrdə yaşayan azərbaycanlıların birliyinin və həmrəyliyinin gücləndirilməsinə, ictimai-siyasi fəallığı ilə tanınan soydaşlarımızın cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə dəstək olacaqlar. Eyni zamanda o, digər türkdilli xalqların əməkdaşlığının inkişafına töhfə vermək niyyətində olduqlarını söyləyib. Xəbər portalının qədim türk mədəniyyətinin və müasir incəsənətinin təbliğinə informasiya dəstəyi verəcəyi diqqətə çatdırılıb.

Baş redaktor söyləyib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri Yaponiyadır. Qısa zaman kəsiyində ölkəmizlə sıx dostluq münasibətləri quran rəsmi Tokio Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini daim dəstəkləyib. Azərbaycanın təşəbbüsü ilə Yaponiya Cənubi Qafqaz regionunda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə yaxından iştirak edib. Baş redaktor Dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində informasiya mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bildirib ki, xalqlarımız arasında yeni körpü rolunu oynayacaq xəbər portalının yaradılması məhz bu amala xidmət edir.

Mission News Theme by Compete Themes.