Press "Enter" to skip to content

Bu ilin 7 ayında 120 mindən çox təyinat e-qaydada həyata keçirilib

Sahil Babayev

Son yeniləmə: 4 Sentyabr 2021 15:34

Bayraqdar.info – “Bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 15 milyon xidmət elektron şəkildə göstərilib, elektron qaydada 400 min arayış verilib. Bu müddətdə 120 min pensiya, müavinət və təqaüdün təyinatı e-qaydada həyata keçirilib. Yəni vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yarandığı halda proaktiv şəkildə bu ödənişlər təyin olunub. Bununla da vətəndaşın əvvəllər də olduğu kimi hansısa quruma müraciətinə, sənəd toplayıb təqdim etməsinə ehtiyac qalmayıb.”

ƏƏSMN-dən bayraqdar.info-ya sentyabrın 4-də verilən məlumata görə, bunu nazir Sahil Babayev mediaya müsahibəsində deyib.

Qeyd edilib ki, inzibati icraatın təkmilləşdirilməsinin mühüm amillərindən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 103 xidmət, yəni qurumun xidmətlərindən 3-də 2-si elektronlaşdırılıb. Həmin 103 xidmət bütünlüklə e-ifrastruktur üzərindən göstərilir.

Nazir deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, son illərdə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində geniş elektronlaşma proqramı icra olunur və bu sahədə mühüm irəliləyişlər var:

“Elektronlaşma proqramı həm məmur-vətəndaş təmaslarının azaldılmasına, idarəçilik və xidmətlərin şəffaflaşmasına, müasirləşməsinə, həm də xidmətlərin operativliyinə və vətəndaşlar üçün daha əlçatan olmasına imkan yaradır. Son illərdə həm DOST mərkəzlərinin timsalında “vahid pəncərə”dən xidmətlərin göstərilməsi təmin olunur, həm də Nazirlik üzrə elektron xidmətlərin dairəsi dəfələrlə genişlənib. Artıq sosial təminat növləri, aktiv məşğulluq tədbirləri, əmək münasibətləri və s. üzrə xidmətlər elektron müstəvidə təqdim edilir”.

O da bildirilib ki, E-sosial portalının əhəmiyyətindən bəhs edən nazir qeyd edib ki, bu portal vətəndaşlara həm onlar barədə toplanmış bütün sosial məlumatlara çıxış imkanı verir, həm də onların öz sosial hüquqlarının təminatına nəzarət  etməsinə şərait yaradır. Hər kəsin e-sosial.az portalından rahat istifadəsi üçün portalın “Android” və “İOS” əməliyyat sistemləri üzrə tətbiqləri də mövcuddur. Artıq 1 milyondan çox insan e-sosial portalının aktiv istifadəçisidir və bu say getdikcə artmaqdadır.

Mission News Theme by Compete Themes.