Press "Enter" to skip to content

Ersin Tatar: Sən kimin tutuquşususan, cənab Akıncı?

Son yeniləmə: 7 Sentyabr 2021 21:07

Bayraqdar.info – “Şərqi Aralıq dənizində şərəfli bir siyasət həyata keçiririk.” Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanlığından verilən məlumata görə bunu Cümhurbaşqanı Ersin Tatar Konyada jurnalistlərlə görüşündə deyib.

Səlcuqlu Konqres Mərkəzində keçirilən toplantının əvvəlində, Kıbrısın Osmanlı torpaqlarına qoşulmasından KKTC-nin qurulmasına qədər olan dövrü təhlil edən E.Tatar federasiya məsələsinə də toxunub. O, Kıbrıs rum kəsimi ilə BMT və beynəlxalq birliyin 50 ildir adada federasiya qurmaq üçün etdikləri vasitəçiliyin sadəcə zaman itkisinə səbəb olduğunu deyib.

Növbəti mərhələdə yalnız suverenliyə əsaslanan iki dövlətli, iki toplumlu həll variantı və müstəqil bir dövlət üzərində dayandıqlarını qeyd edən E.Tatar daha sonra bildirib: “Mənim Cümhurbaşqanı olmağımla yeni bir dövr başlayır. Cənab Cümhurbaşqanı Erdoğan da çıxışlarında “cənab Tatar bəylə yeni bir dövr başladı, Kıbrısda bir tarix yazıldı” deyib. Türkiyəyə bir daha təşəkkür edirəm. Kıbrıs türkləri hər zaman Türkiyənin dəstəyi ilə var olmuşlar. Atalarımız eyni atalardır”.

Jurnalistlərin suallarını da cavablandıran KKTC Cümhurbaşqanı türk əsgərlərinin adada olmasının sülhün təminatı olduğunu vurğulayıb.

E.Tatar həmçinin KKTC-nin keçmiş Cümhurbaşqanı Mustafa Akıncının aprel ayında Cenevrə danışıqlarından əvvəl onu nəzərdə tutaraq dediyi “Ankaranın tutuquşusu” sözlərinə cavab olaraq isə aşağıdakıları bildirib: “Türkiyəyə sədaqət borcumuz var. Müxalifət, həmçinin Akıncı, ilk növbədə, hər gün bunu söyləyir: “Tatar kimdir?” Tatar, ona görə Ankaranın tutuquşusudur. Zehniyyətə baxın. Sən kimin tutuquşususan, cənab Akıncı? Kimin üçün işləyirsən, məqsədin nədir? Boş bir hədəf. Mənim məqsədim isə Ana Vətənin dəstəyi ilə Kıbrıs türk xalqına daha çox firavanlıq, xoşbəxtlik, etibarlı bir gələcək bəxş etməkdir”.

Mission News Theme by Compete Themes.