Press "Enter" to skip to content

Peşə təhsili üzrə müəllim seçiminin I mərhələsi başa çatıb

Bayraqdar.info – Peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi başa çatıb.

Bu xəbər Təhsil Nazirliyindən sentyabrın 7-də bayraqdar.info-ya verilib.

Xəbərdə deyilir ki, müsabiqənin I mərhələsi çərçivəsində ümumilikdə 55 vakant yer üzrə 1 min 773 müraciət qeydə alınıb. Elektron müraciət mərhələsinin nəticələri növbəti həftə açıqlanacaq. Onlayn qaydada təşkil olunacaq müsahibə mərhələsində iştirak hüququ qazanan müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.

“Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə həyata keçirilir. Vakant yerlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq, Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.