Press "Enter" to skip to content

Səbaildə sudan qanunsuz istifadə halları aşkarlanıb

Bayraqdar.info – İçməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səbail rayonunda nəzarət-yoxlama tədbirləri keçirilib. Yoxlamalar Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq həyata keçirilib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 7-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu dəfəki yoxlamalar zamanı da sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Belə ki, Səbail rayonu 20-ci sahə yaşayış massivində həyata keçirilən nəzarət tədbirləri zamanı “Dostlar” kafesində su sayğacının dayandırılması, kənar xətdən istifadə və gizli su anbarı aşkarlanıb. Obyektin su sərfiyyatına görə aylıq ödəniş cədvəli tələbata uyğun gəlmədiyindən obyektin su təchizatına baxış keçirilməsinə zərurət yaranıb və şübhələr özünü doğruldub. Məlum olub ki, kafe hər gün işləsə də, sayğacdan su fasilələrlə keçir.

Sudan qanunsuz istifadə olunan növbəti böyük ünvan “Şıxov” ərazisindəki “Qağayı” çimərliyi olub. Eyni ilə burada da sahibkar yaxınlıqdan keçən magistral kəmərdən gizli xətt çəkərək, sudan qanunsuz istifadə edib. Su əvvəlcə ehtiyat çənə, sonra isə çimərlikdəki bulaqlara ötürülürmüş. Obyektin su təchizatına görə hər hansı rəsmi müqavilə, su sayğacı olmadığına və sudan qanunsuz istifadə hallarına yol verildiyinə görə dəymiş ziyan hesablanaraq akt tərtib olunub və su təchizatı dayandırılıb. Badamdar qəsəbəsi 2 ünvanındakı villalardan birində də böyük bir iaşə obyektinin işlətdiyi qədər sudan qanunsuz istifadə olunduğu aşkarlanıb. Bütün müraciətlərə məhəl qoymayan evin sahibi müqavilə bağlamaqdan imtına edib və “Azərsu” ASC əməkdaşlarına qarşı kobudluq edərək, vəzifə borclarını yerinə yetirmələrinə mane olub. Amma bununla belə sudan qanunsuz istifadə edilən ünvanla bağlı akt tərtib olunaraq suyun verilişi dayandırılıb.

“Sudan qanunsuz istifadə edən əhalini və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanuna zidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Ümumilikdə cari ilin ötən dövründə sudan qanunsuz istifadə ilə bağlı 185 fakt araşdırılıması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub”, – deyə məlumatda bildirilir.

O da qeyd edilir ki, 2021-ci ilin 8 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 11 532, Səbail rayonu üzrə isə 427 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 mln 119 min kubmetr, Səbail rayonu üzrə isə 134 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Mission News Theme by Compete Themes.