Press "Enter" to skip to content

Perulu jurnalist Azərbaycanın tarixi torpaqlarındakı erməni vandalizmindən yazıb

Bayraqdar.info – “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi Rikardo Sançes Azərbaycanda yaxın zamanda səfərdə olub. O, səfər zamanı işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu erməni vandalizmini və hərbi cinayətlərini  ölkəsinin mətbuatında işıqlandırıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 8-də ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, perulu jurnalist Peru Jurnalistlər Federasiyasının internet səhifəsində (fpp.org.pe), həmçinin Perunun nüfuzlu internet xəbər portalı “Expreso”da “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” sərlövhəsi altında məqalə dərc edib.

Müəllif yazıda uzun illər Ermənistanın işğalı altında olmuş və Azərbaycan ordusu tərəfindən azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşa şəhərlərinəperulu jurnalistlərin ilk dəfə səfər etdiklərini qeyd edir: “R. Sançes Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşaya səfər edərək, 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan tarixi torpaqlarının Ermənistan tərəfindən xarabalığa çevrilməsinin, kütləvi dağıntıların və talanların şahidi olduğunu, Cəbrayıl və Ağdam şəhərlərinin xüsusilə erməni vandalizminə məruz qaldığını, oradakı yaşayış infrastrukturu, tarixi və mədəniyyət abidələrinin tamamilə məhv edildiyini qeyd edir”.

Müəllif Cəbrayıl şəhərində olarkən hər yerdə yalnız dağılmış evlər gördüklərini və qəbiristanlıqların talan edildiyini qeyd edərək, bu mənzərələrdən dəhşətə gəldiyini vurğulayıb. O, bir vaxtlar Azərbaycanın ən gözəl şəhərlərindən biri olan, hazırda isə”Qafqazın Hiroşiması” adlandırılan Ağdam şəhərində şahid olduğu erməni vandalizmindən bəhs edib. O, işğal olunmuş ərazilərdə qədim məscidlərin, sarayların, tarixi memarlıq abidələrinin, mədəniyyət incilərinin və dini ibadət yerlərinin ermənilər tərəfindən dağıdılaraq yağmalanmaya məruz qaldığını diqqətə çatdırıb.

Müəllif həmçinin, Gəncəyə səfərindən bəhs edərək, 44 günlük müharibə zamanı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətlərin şahidi olduğunu yazıb. O, hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən döyüş əməliyyatları zonasından xeyli uzaqda yerləşən şəhərin ballistik raketlərlə atəşə tutulması nəticəsində 26 mülki şəxsin, o cümlədən qadın və uşaqların həlak olduğunu və yüzlərlə insanın yaralandığını oxucuların diqqətinə çatdırıb. Qeyd olunur ki, ermənilər bu kimi hərəkətləri ilə insanlar arasında qorxu yaymaq, mənəvi ruhu pozmaq və Azərbaycan xalqının əzmini sındırmaq istəsələr də, buna nail ola bilməyiblər, tam əks reaksiya ilə üzləşiblər.

Jurnalist, həmçinin Şuşa şəhərinin Azərbaycan üçün geosiyasi, tarixi, mədəni və hərbi-strateji vacibliyi barədə yazıb. O, olduqca mürəkkəb xüsusi əməliyyat nəticəsində şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna simvolik əhəmiyyətə malik olduğunu qeyd edib. Jurnalist, 30 il əvvəl öz yurdlarından qovulan vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün yerlə yeksan edilmiş bu ərazilərdə ölkə Prezidentinin rəhbərliyi altında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə mina yerləşdirməsi faktının bərpa işlərini mürəkkəbləşdirdiyi də vurğulanıb.

Mission News Theme by Compete Themes.