Press "Enter" to skip to content

“Qarabağ, normal həyata dönməyi ləngidən minalar” İtaliya mətbuatında

Son yeniləmə: 8 Sentyabr 2021 12:49

Bayraqdar.info – İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “İnsideover” analitik portalının jurnalisti Emanuel Pietrobonun ölkəmizə səfəri ilə bağlı silsilə yazıları davam edir. Bu barədə bayraqdar.info-ya sentyabrın 8-də ölkəmizin İtaliyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu xüsusda, növbəti məqalə kimi müəllifin “Qarabağ, normal həyata dönməyi ləngidən minalar” sərlövhəli məqaləsi işıq üzü görüb.

Müəllif müharibənin rəsmi olaraq 9 noyabr tarixində sona çatmasına baxmayaraq, Cənubi Qafqazın açıq damarında müharibədən sonrakı problemlərin qalmaqda olduğunu yazıb. O, müharibədən qalib çıxmış və regionun lider dövləti olan Azərbaycanda Gəncənin bombalanmasının qoyduğu izlərlə yanaşı, azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması kimi məqsədlərin olduğunu qeyd edib.

Müəllif müharibənin bitməsinə baxmayaraq, minaların partlaması səbəbindən Qarabağda insanların hələ də həlak olduğunu yazıb. Emanuel Pietrobon diqqəti həyatını itirmiş çoxsaylı hərbiçilərin, mülki vətəndaşların və jurnalistlərin sayına çəkib. O bildirib ki, Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə ermənilər tərəfindən 90-cı illərdən etibarən basdırılması və onların xəritəsinin təqdim edilməməsi səbəbindən həddən artıq sayda insan həyatını itirir. Bu xüsusda müəllif Ağdam, Füzuli və Zəngilanda basdırılmış minaların sayı barədə məlumat verərək onların çox bir hissəsinin ANAMA tərəfindən zərərsizləşdirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

“Minalara diqqət” lövhəsinin işğaldan azad edilmiş ərazilərdə tez-tez rast gəlindiyini bildirən müəllif qeyd edib ki, bu ərazilərdə istər hərbçilər, istərsə də mülki vətəndaşlar ehtiyyatlı davranmalıdırlar, çünki hər atılan addım son addım ola bilər. O bildirib ki, yenidən canlandırılan Füzuli və Şuşadan keçərkən ruhlar şəhəri Ağdamdan açıq məzarlıq Cəbrayıla qədər hər yerdə ingilis və azərbaycan dillərində xəbərdarlıq lövhələri yerləşdirilib. Müəllif Qarabağın postsovet məkanında ən yüksək mina sıxlığına malik olduğunu, hətta planetdə ən çox minalanmış ərazilərdən biri olduğunu vurğulayıb. Sonda müəllif qeyd olunanlara rəğmən cəsur ANAMA heyəti sayəsində ərazilərin təmizlənməsi istiqamətində işlərin aparıldığını və Azərbaycan ərazilərinin getdikcə canlandırıldığını bildirib.

Məqalə ilə keçid vasitəsilə tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.