Press "Enter" to skip to content

Rusiya, Botsvana və Braziliya məhsullarına müvəqqəti məhdudiyyət qoyulub

Bayraqdar.info – “Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən Azərbaycanın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Bu barədə sentyabrın 8-də AQTA-dan bayraqdar.info-ya məlumat verilib.

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiyanın Zabaykalsk diyarında nodulyar dermatit xəstəliyi, Botsvananın Kqatlenq şəhərində yüksək patogen quş qripi xəstəliyi, Braziliyanın Minas-Jerays və Matu-Qrosu ştatlarında süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb.

“Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Braziliyanın Minas-Jerays və Matu-Qrosu ştatlarından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların idxalına məhdudiyyət qoyulub. O cümlədən, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Zabaykalsk diyarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların da ölkəyə girişinə qadağan qoyulub. Botsvana Respublikasının Kqatlenq inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

“Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya, Botsvana və Braziliyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.