Press "Enter" to skip to content

“Azərbaycan 500 ASAN Startap Proqramı” yekunlaşıb

Bayraqdar.info – “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekununa dair onlayn tədbir keçirilib. Sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 10-da “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “500 Startups” şirkətinin regional direktoru Pedro Vieira, “PAŞA Holdinq”in direktor müavini Fərid Məmmədov, innovasiya və startap ekosisteminin oyunçuları iştirak ediblər. Tədbirin proqramına əsasən, “Azərbaycan 500 ASAN Startap Proqramı”nı müvəffəqiyyətlə başa vuran 10 startap komandası  – “Tinyworks”, “Uniforius”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTrip”, “Rihand”, “Talant.az”, “Booknote” və “QMS” iştirakçılara öz layihələrini təqdim ediblər.

O da vurğulanıb ki, bu il fevralın 5-dən etibarən “Azərbaycan 500 ASAN Startap Proqramı”ına qoşulmaq üçün qeydiyyatdan keçən 1268 iştirakçı arasından tələb olunan bütün meyarlara uyğun 367 iştirakçı seçilib. İlkin mərhələni uğurla başa vuran 53 iştirakçıdan ibarət 18 komanda yaradılıb. Sonrakı mərhələdə 10 komanda (27 iştirakçı) seçilərək proqramın qalan mərhələlərində iştirak edib. Proqramın icrası “500 Startups” şirkəti tərəfindən həyata keçirilib və təlimlər şirkətin beynəlxalq mentorları tərəfindən aparılıb.

Proqram müddətində iştirakçılar “Startap quruculuğu və komanda formalaşması”,  “Startup booster”, “Müştəri və bazarın təhlili” və “Prototipin hazırlanması və təkmilləşdirilməsi” kimi fərqli mövzularda bir sıra təlimlər və sessiyalarda iştirak ediblər.

Mission News Theme by Compete Themes.