Press "Enter" to skip to content

Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin iclası

Bayraqdar.info – Sentyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev gündəliyin birinci məsələsi olan 2021-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlərin hesabatını təqdim edib.

Bu barədə sentyabrın 10-da bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və qazilərin problemləri 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə də parlamentin diqqət mərkəzində olub. Hesabat dövründə komitə üzvləri karantin şərtləri daxilində şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, vətəndaşları qəbul ediblər. Komitəyə 555 sənəd, o cümlədən vətəndaşlardan 458 ərizə daxil olub. Qaldırılan problemlər araşdırılıb, müvafiq tədbirlər görülüb. Hesabat dövründə komitənin 21 iclası keçirilib və iclaslarda 25 qanun layihəsi müzakirə edilib.

“Sonra M.Quliyev Əmək və sosial siyasət komitəsinin 2021-ci il üçün payız sessiyası dövrünə dair iş planı haqqında məlumat verib. O bildirib ki, iş planında nəzərdə tutulan “Turizm haqqında” qanun ötən sessiyadan hazırdır, lakin pandemiya şəraiti ilə bağlı müəyyən düzəlişlərə ehtiyac var. İş planına salınmış “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə isə işçi qrupunda baxılıb. Qanun layihəsinin hazırlanmasında müxtəlif ölkələrin, o cümlədən Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib. Bildirilib ki, qarşıdakı sessiyada həmçinin şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulub.

“Məsələ ilə bağlı çıxış edən Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, Aqil Məmmədov, İlham Məmmədov, Arzu Nağıyev və Sevinc Hüseynova yaz və növbədənkənar sessiyaların yekunları və payız sessiyasının işlər planı barədə fikirlərini bildiriblər.

“Sonra gündəlikdəki qanun layihələrinə baxılıb. M.Quliyev bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan həssas qrupların siyahısına şəhid ailəsinin üzvləri də aid edilib. Peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı onlara da digər həssas qruplarla birlikdə üstünlük verilməsi təsbit edilib. Bu sənəd də həmin qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.

““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə “Sosial müavinətlər haqqında” Qanuna və 2020-ci il 30 dekabr tarixli 1223 saylı Fərmana uyğun hazırlanıb. Həmin qanunvericilik aktlarında təqaüdlə müavinətlər birləşdirilərək təqaüdün məbləği 300 manatdan 500 manatadək qaldırılıb. Həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatına alındıqları üçün müvafiq dəyişikliklər təklif olunub.

“Gündəliyin axırıncı məsələsi olan Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı M.Quliyev bildirib ki, dəyişiklik icbari tibbi sığorta sisteminə keçidlə əlaqədardır.

“Müzakirələr zamanı deputatlardan A.Məmmədov, Ə.Ələkbərov və S.Hüseynova qanun layihələri ilə bağlı çıxış edərək rəy və təkliflərini səsləndiriblər. Sonra komitə üzvləri hər üç qanun layihəsini MM-in plenar iclasında müzakirəyə tövsiyə ediblər.

“İclasda komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Rauf Əliyev, Səttar Möhbalıyev və digər rəsmi şəxslər də iştirak ediblər”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.