Press "Enter" to skip to content

4 generalın təyinatı Şuşa bəyannaməsinin icrası istiqamətində mühüm addımdır

Son yeniləmə: 13 Sentyabr 2021 12:30

Bayraqdar.info – Xəbər verildiyi kimi Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib. Bununla bağlı məlumatda deyilir ki, Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib. Həmçinin, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb. General Ender Güner isə Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.

Öz növbəsində bu təyinatları yüksək dəyərləndirən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz bayraqdar.info-ya özə açıqlamasında maraqlı fikirlər səsləndirib.

Onun sözlərinə görə, bir ordunun ən qiymətli, ən strateji görəvlərini icra edən məhz generallardır. Bu baxımdan 4 generalın təyinatına xüsusi önəm kəsb edən məsələ kimi baxmaq lazımdır: “Məlumat üçün bildirim ki, Türkiyə Silahlı Qüvvələri dünyada öz ölkəsindən kənardakı fəaliyyətlərdə yalnız üç ölkədə generallar səviyyəsində təmsil olunur. Bunlardan biri ABŞ, ikincisi Rusiyada, üçüncüsü isə Azərbaycandadır. Yəni hər üç ölkədə Türkiyə Silahlı Qüvvələrinin hərbi atteşesi generaldır. Ümumiyyətlə, bir ölkənin general səviyyəsində başqa bir ölkədə təmsil olunması həmin ölkəyə qarşı diqqət və qayğının, verilən önəmin, strateji müttəfiqliyin necə yüksək səviyyədə olduğunu göstərir”.

Yücel Karauz deyib ki, Türkiyənin Ali Hərbi Şurasının (Yüksek Askeri Şura) 2021-ci il toplantısından sonra Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı heyətində general sayı 4-ə çatıb. Onlardan ikisi Azərbaycan silahlı qüvvələrinin təlim qrupunda, biri Ağdamdakı monitorinq mərkəzində xidmət edəcək. Biri isə Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesidir”.

Müsahibimiz qeyd edib ki, bu, sadəcə iki ölkə arasındakı əlaqələr baxımından deyil, öz ölkəndən kənarda, başqa bir ölkədə dörd generalla təmsil olunmaq baxımından dünya tarixində də bir ilkdir. Bu onu ifadə edir ki, Türkiyə keşmişdə, həmçinin 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da sonuna qədər Azərbaycanın yanındadır və bunu etməkdə qərarlıdır. Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 generalın təyin edilməsi Şuşa bəyannaməsinin icra edilməsi istiqamətində mühüm addımdır. Eyni zamanda bu, Ermənistana bəzi qonşu dövlətlər tərəfindən edilən hərbi yardımlara qarşı Azərbaycanın tək olmadığının, Türkiyənin daim Azərbaycanın yanında olduğunun və qərarlığının nümayişi baxımından dünyaya bir mesajdır. Bu təyinatların müsbət təsirlərini gələcəkdə birlikdə görəcəyik”.

Mission News Theme by Compete Themes.