Press "Enter" to skip to content

Çimərlik güləşçilərimizdən Avropa çempionatında 4 medal

Bayraqdar.info – Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 13-də Azərbaycan Güləş Federasiyasından xəbər verilib.

“Qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçi mübarizə aparıb. Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Güləşçilərin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.

“Yeniyetmə güləşçi Musa Ağayev (60 kq) Moldova təmsilçisi və daha sonra 2 ispaniyalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Ukrayna güləşçisinə də heç bir şans tanımayan M.Ağayev adını finala yazdırıb. Həlledici görüşdə yenidən Moldova təmsilçisi ilə üz-üzə gələn M.Ağayev bu görüşdə də tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.

“Hüseyn Əliyev (70 kq) təsnifat mərhələsində Türkiyə güləşçisini mübarizədən kənarlaşdırıb. Yunanıstanın iki təmsilçisinə qalib gələn H.Əliyev Moldova idmançısını sonuncu xal prinsipinə əsasən üstələyib. İspaniyadan olan həmkarını xal vermədən məyus edən H.Əliyev finala vəsiqə qazanıb. Rumıniya güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada minimal fərqlə uduzan H.Əliyev gümüş medal əldə edib.

“Gənclər kateqoriyasında çıxış edən güləşçi Rübail İbrahimli (70 kq) Bolqarıstan, Norveç və Yunanıstan güləşçilərindən güclü olub. Ancaq yarımfinalda türkiyəli rəqibinə minimal fərqlə uduzub. Ruhdan düşməyən R.İbrahimli bolqar rəqibinə növbəti dəfə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

“Fərid Cabbarov (80 kq) Avropa çempionatına Portuqaliya idmançısı üzərində qazandığı inamlı qələbə ilə başlayıb. Gənc pəhləvan daha sonra Yunanıstanın iki güləşçisi ilə qarşılaşıb. Onlardan birinə qalib gələn F.Cabbarov digərinə məğlub olub. Ancaq bu məğlubiyyət onun yarımfinala yüksəlməsinə əngəl olmayıb. Ukrayna təmsilçisini üstələyən idmançı finala adlayıb. Həlledici görüşdə o, üçüncü turda məğlub olduğu Yunanıstan güləşçisi ilə üz-üzə gəlib. Finalda yerli idmançıdan revanşı alan F.Cabbarov Avropa çempionu olub.

“Beləliklə, Azərbaycan millisi Avropa çempionatında uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.