Press "Enter" to skip to content

Ersin Tatar: Siz mücahid xalqın övladlarısınız

Bayraqdar.info – “Siz KKTC-nin bağrından çıxan bir mücahid xalqın övladlarısınız. İnşallah gələcəkdə bu ölkənin idarəçiliyi sizə verildikdə, çox yaxşı idarə edəcəksiniz. Sizləri sevirəm. Sizlərə güvənirəm, bu gün sizin gününüzdür.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar şagirdlər qarşısında çıxış edərkən deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar 2021-2022-ci tədris ilinin ilk günündə bir neçə məktəbdə olub. Öncə Milli Təhsil və Mədəniyyət Nazirliyinin İbtidai Təhsil Şöbəsinə bağlı Gönyeli İbtidai Məktəbində olan E.Tatar burada əlavə sinif otaqlarının istifadəyə verilməsilə bağlı təşkil edilən mərasimə qatılıb.

Mərasimdəki çıxışında ölkənin gələcəyinin uşaqlara həvalə ediləcəyinə diqqət çəkən E.Tatar həmçinin məktəb illərindən, müəllimlərindən və dostlarından danışıb. KKTC Cümhurbaşqanı məktəb illərinin insan həyatının ən xoşbəxt dövrü olduğunu söyləyib və şagirdlərə bu illərin dəyərini bilməyi tövsiyə edib.

“Təkcə bu məktəbdə deyil, bütün məktəblərimizdə yeni dərs ilinə başlayacaq uşaqların gözlərindən öpürəm. Ən yaxşı təhsil almaq sizin haqqınızdır”, – deyən Cümhurbaşqanı sonra məktəb rəhbərlərinin müşayiəti ilə sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə görüşüb.

Gönyeli İbtidai məktəbindən sonra Şəhit Tuncer İbtidai məktəbini də ziyarət edən E.Tatar müəllim və şagirdlərlə görüşüb. O, fədakar müəllimlərin nə qədər dəyərli olduğunu söyləyərək bütün müəllimlərə təşəkkür edib. Cümhurbaşqanı KKTC-nin təqdim etdiyi təhsil imkanları ilə bütün şagirdlərin uğur qazanacağına inandığını bildirib.

E.Tatar, həmçinin bütün şagirdlərə epidemiyaya qarşı diqqətli olmalarını tövsiyə edərək, hər kəsə cansağlığı və uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.