Press "Enter" to skip to content

Xarici media nümayəndələri Xaçmaz və Qubada – VİDEO

Son yeniləmə: 13 Sentyabr 2021 19:35

AZƏRTAC (Elxan Yusifli) – Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan ictimai fəallar və media nümayəndələri Xaçmaz və Quba rayonlarının görməli yerlərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Qonaqların diqqətinə çatdırılıb ki, Xaçmaz rayonu geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Buranı parklar və muzeylər şəhəri adlandırırlar. Bununla yanaşı, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.

Daha sonra Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyi ilə tanışlıq olub. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.

İctimai fəallar və media nümayəndələri 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.

Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan ictimai fəallar və media nümayəndələri Xaçmazdan sonra Qubaya səfər ediblər.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.

Orta Asiya ölkələrindən olan ictimai fəallar və media nümayəndələri Qubada Media Şəhidləri Parkı, Azərbaycan-Türkiyə Qardaşlıq Parkı və dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə ilə də tanış olublar.

Mission News Theme by Compete Themes.