Press "Enter" to skip to content

Pirşağı qəsəbəsində yeni magistral su kəmərləri inşa olunur

Bayraqdar.info – Sabunçu rayonunun Pirşağı qəsəbəsində əhalinin dayanıqlı su təminatı məqsədilə yeni magistral su kəmərləri inşa olunur.

Bu barədə bayraqdar.info-ya sentyabrın 14-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına 2011-2020-ci illərdə Pirşağı qəsəbəsində bir neçə kiçik layihə həyata keçirilsə də bəzi ünvanların su təminatında çətinliklər olub.

Son illər Pirşağı qəsəbəsində yaşayış ərazilərinin genişlənməsi ilə əlaqədar içməli suya təlabatın artmasını nəzərə alaraq Ceyranbatan-Maştağa su kəmərindən qəsəbəyə iki istiqamətdə – 110 və 500 mm diametrli, ümumilikdə 2,4 km uzunluğunda  magistral su kəmərləri çəkilir. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Magistral su xətti istifadəyə verildikdən sonra əhali tərəfindən fərdi qaydada çəkilmiş, tikinti normalarına cavab verməyən və artıq istismara yararsız vəziyyətdə olan qəsəbədaxili köhnə xətlərin də yenilənməsinə başlanılacaq.

O da qeyd edilib ki, hazırda Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr icra olunur.

Mission News Theme by Compete Themes.