Press "Enter" to skip to content

“Üç qardaş – 2021” beynəlxalq təlimi bütün dünya tərəfindən diqqətlə izlənilir

Bayraqdar.info – “Sentyabrın 12-də başlayan və 8 gün davam edəcək Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təlimi bütün dünya tərəfindən diqqətlə izlənilir. Çünki bunun birinci özəlliyi üç qardaş ölkənin birlikdə ilk dəfədir ki, hərbi təlim keçirməsi ilə bağlıdır. İkinci özəlliyi bu təlimin adı ilə bağlıdır. O mənada ki, “Üç qardaş – 2021” beynəlxalq təlimi üç ölkə və xalq arasında keçmişdən etibarən davam edən dostluq və qardaşlıq əlaqələrinin bütün sahələri əhatə etdiyinə işarə edir. Yəni, bu gün bu üç ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. “Üç qardaş – 2021” beynəlxalq təlimi də bu istiqamətdə atılmış növbəti mühüm addımdır.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türkiyəli general postmüharibə dövründə bu təlimin keçirilməsinin digər baxımdan da önəmli olduğunu deyib: “Bəlli olduğu kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Bu konteksdə bu il sentyabrın 12-də başlanan üçtərəfli hərbi təlim bu həmrəyliyin davamlı olacağını bütün dünyaya nümayiş etdirir”.

Y.Karauz bildirib ki, hər üç ölkə regional lider kimi də ön sıradadırlar: “Söhbət Anadolu, Qafqaz və Asiya regionundan gedir. Bu üç regionun liderinin birlikdə təlimi böyük bir gücün bir araya gətirilərək sinerji yaratmasının perspektivini ortaya qoyur. Ümumiyyətlə hesab edirəm ki, bu təlim həm Qafqazın sabitliyinə, iqtisadi inkişafına dəstək olacaq, həm də qlobal layihələrin reallaşdırılması üçün üç ölkənin silahlı qüvvələrinin ortaq hərəkəti baxımdan əhəmiyyətlidir”.

Pakistanın bu təlimdə iştirakının əhəmiyyətinə gəlincə müsahibimiz deyib: “Pakistan dünyada nüvə silahına malik 9 ölkədən biri olmaqla, həm də bu silaha malik yeganə müsəlman ölkəsidir. Pakistan hər zaman Türkiyəyə qarşı qardaşlıq nümayiş etdirib. Eyni zamanda Pakistan Azərbaycana da hər zaman qardaşlıq münasibəti göstərib. Ümumiyyətlə hesab edirəm ki, “Üç qardaş – 2021” beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaq”.

Türkiyəli general deyib ki, bu təlimin Şuşanı misilsiz qəhrəmanlıqla azad edən Azərbaycan xüsusi təyinatlılarının qərargahında keçirilməsi də də təsadüfi deyil: “Hesab edirəm ki, bu, Ermənistana və bölgədə bu işğalçı ölkənin hamilərinə Azərbaycanın qəhrəmanlığının və qərarlılığının simvolunun xatırladılması baxımından da çox önəmlidir”.

Mission News Theme by Compete Themes.