Press "Enter" to skip to content

46 milyondan çox vətəndaş müraciəti qeydə alınıb

Bayraqdar.info – Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) elm və texnologiya sahəsində müşaviri Dr. Məhəmməd Şərif ilə görüşüb. Elektron Hökumətin İnkişafı Mərkəzində baş tutan görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

“ASAN xidmət”dən bayraqdar.info-ya verilən məlumatda belə deyilir. Qonağa bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Qeyd edilib ki, “ASAN xidmət”ə bu günədək 46 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa qonağa “ASAN xidmət”in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib: “Eyni zamanda dünyanın müxtəlif  ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin olunması, xüsusən də startapların inkişafı istiqamətində geniş imkanlar yaradan “TECH Diaspora” və “İnnovasiyalar Evi”nin yaradılmasından da danışılıb. Həmçinin innovasiya sahəsində ekosistemin daha da inkişaf etdirilməsi ilə bağlı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin bu sahənin oyunçuları olan şirkətlərlə uğurlu əməkdaşlığı, görülən və görüləcək işlər haqqında məlumat verilib. Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub”.

Qonaq həmçinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “ASAN xidmət” mərkəzi,  ASAN Radio və 108 Çağrı mərkəzinin fəaliyyəti ilə tanış olub.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Mission News Theme by Compete Themes.