Press "Enter" to skip to content

Bakıya Azərbaycanın əbədi paytaxtı olmaq xoşbəxtliyini bəxş edən bir qəhrəmanlıq dastanı

Bayraqdar.info – “Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümüdür. Düz 103 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Bakı düşmən işğalından azad edildi. Bu sıradan bir hadisə deyil, tarixə qızıl hərflərlə yazılan və Bakıya Azərbaycanın əbədi paytaxtı olmaq xoşbəxtliyini nəsib edən bir qəhrəmanlıq dastanı idi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Qafqaz İslam Ordusunun həmin vaxt qardaş Azərbaycana köməyə gəlməsi ilk növbədə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının ifadəsi idi: “Həmin vaxt ağır durumda olmasına baxmayaraq Osmanlının Azərbaycanın xilası üçün əsgər göndərmək qərarı da bu qardaşlıqdan güc almışdı. Onu da deyim ki, ötən müddət ərzində baş verənlər, o cümlədən 3 il öncə Bakının azad edilməsinin 100-cü ildönümü münasibətlə keçirilən hərbi parad, ötən il 44 günlük müharibənin ilk saatlarından Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək, həmçinin bu il imzalanan Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşları ilə birlikdə Bakını işğaldan azad etməsini Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirən səfir H.Kılıç daha sonra deyib: “Qafqaz İslam Ordusunun tərkibində qəhrəmanlıqla döyüşərək Azərbaycanın müxtəlif bölgələrində şəhid olanların ruhu bu gün xüsusilə şaddır. Çünki ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Türkiyə-Azərbaycan qardaşlığından, həmçinin əcdadlarımızın vətənpərvərlik, torpağa sədaqət ruhundan güc alan Azərbaycan ordusu torpaqlarını Ermənistanın işğalından azad etdi. Bu gün azad, müstəqil, torpaqlarını işğaldan azad etmiş və regionun lider dövləti olan Azərbaycanın qazandığı hər bir uğur 103 il əvvəl bu topraqların azadlığı uğrunda şəhid olanalrın ruhunu daha da şad edir”.

“Bakının azad edilməsi əhəmiyyətinə görə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə idi. Ən böyük arzum hər il 15 sentyabr tarixinin rəsmən Bakının düşmən işğalından azad edilməsi günü kimi qeyd edilməsidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, – deyən H.Kılıç Qafqaz İslam Ordusunun tarixi missiyasının hər bir soydaşımızın qəlbində əbədi yer qazandığını diqqətə çatdırıb.

Mission News Theme by Compete Themes.