Press "Enter" to skip to content

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təlim keçirilib

Bayraqdar.info – “Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsindən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası prosesində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edirlər. Aqrar sektorun əsas fəaliyyət sahəsi olması nəzərə alınaraq KTN-nin bu ərazilərə mütəmadi səfər edən əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi, onların mina və partlayıcı sursatlarla bağlı biliklərinin artırılması məqsədilə təlimlər keçirilir.”

Bu sözlər bayraqdar.info-ya KTN-in Mətbuat xidmətindən daxil olan xəbərdəndir.

Xəbərdə qeyd edilir ki, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və KTN tərəfindən birgə təşkil edilən növbəti təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin, müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib, insan həyatı üçün təhlükəli olan hərbi sursat və mina növləri nümunələr əsasında izah olunub, ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi, eləcə də, təhlükə anında həyata keçirilməli olan addımlar iştirakçıların diqqətinə çatdırılıb.

“Həmçinin, ANAMA tərəfindən Nazirlik əməkdaşlarına məlumatlandırıcı broşür, poster və digər elektron vəsaitlər təqdim edilib.

“Eyni zamanda, işğaldan azad edilən ərazilərə səfər edən əməkdaşlar və təlim iştirakçılarının bu sahədə təlimçi kimi formalaşmaları üçün onlara Təlimçilər üçün Təlim (TOT) formatında təlimlər keçirilib, iştirakçılara sertifikatlar və təlimat kitabçaları təqdim edilib. TOT təlimlərinə qatılan şəxslər növbəti mərhələdə KTN-nin işğaldan azad edilmiş ərazilərinə səfər edəcək digər əməkdaşlarına minaların təhlükəsinə dair təlimlər keçəcəklər.

“Qeyd edək ki, bu günə qədər ANAMA tərəfindən Nazirliyin 60-dan çox əməkdaşına müvafiq təlimlər keçirilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.