Press "Enter" to skip to content

Meksikalı jurnalist Ermənistanın hərbi cinayətləri barədə yazıb

Bayraqdar.info – Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində sözügedən qəzetin redaktoru, beynəlxalq siyasi məsələlər üzrə ekspert Qabriel Moyssenin “Azərbaycan bərpa edir” (“Azerbaiyán, en busca de lareconstrucción”) başlıqlı geniş məqaləsi dərc olunub.

Bu barədə bayraqdar.info-ya sentyabrin 15-də ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, müəllif ötən ay işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşa, həmçinin Gəncə şəhərlərində səfərdə olub. Meksikada keçmiş Ermənistan-Azərbaycan münaqişəsi haqda ən çox məlumatlı olan jurnalistlərdən biri kimi tanınan Qabriel Moyssen Ermənistanın hərbi cinayətləri barədə ətraflı məlumat verib.

Jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan bəhs edib. O, 44 günlük müharibədən sonra bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni minalarının qurbanı olduğunu bildirib. Bu xüsusda, Latın Amerikasından olan bir qrup jurnalistlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində ANAMA tərəfindən aparılan minatəmizləmə işlərinin şahidi olduğunu qeyd edib. Jurnalist həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə minanın yerləşdirildiyi, Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi barədə məlumat verib. Bunun isə həmin ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərini, habelə bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtma prosesi qarşısında ən böyük maneə olduğunu vurğulayıb.

Yazıda jurnalistin xarici işlər nazirinin müavini Elnur Məmmədovdan götürdüyü müsahibəyə də istinad edilib.

XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə istinad edən jurnalist, sadəcə Ağdam şəhəri ətrafında 97 min partlamamış minanın olduğunu qeyd edib. Yazıda L.Abdullayevanın “Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinə üçtərəfli bəyanatı dəstəkləmələri və yeni reallıqları nəzərə alaraq təkliflərin verilməsi barədə müraciətinə baxmayaraq, onlar tərəfindən bugünədək heç bir təklif verilməyib” fikrinə istinad olunub. Latın Amerikası ilə əlaqələrdən bəhs edən L.Abdulayevanın Azərbaycanın 2019-cu ildən etibarən Sakit Okean Alyansında müşahidəçi statusunu aldığını xatırladaraq “coğrafi məsafələrin artıq turizm, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafına maneə yaratmamalıdır”, – deyə vurğuladığı bildirilib.

Jurnalist həmçinin Cəbrayıl, Ağdam və məqalədə Azərbaycanın mədəniyyət beşiyi kimi istinad etdiyi Şuşaya səfərindən bəhs edib. O, orada yaşayış məskənlərinin dağıdıldığını, tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qaldığının şahidi olduğunu təəssüflə qeyd edib. Cəbrayılda müsəlman qəbiristanlığının ermənilər tərəfindən dağıdılaraq, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olduğunu qeyd edən jurnalist, bu mənzərədən çox təsirləndiyini və bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayıb.

Meksikalı ekspert işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq intensiv şəkildə bərpa və yenidənqurma işlərinin həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edib.

Yazıda müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, Azərbaycan ərazisində əlverişli biznes imkanları barədə məlumat verilib.

Sonda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə istinad edən meksikalı jurnalist erməni diasporu tərəfindən dəstəklənən revanşist qruplaşmaların bəzi cəhdləri barədə da məlumat verib.

Qeyd olunmalıdır ki, “El Universal” qəzetinin internet portalında məqalə ilə əlaqədar videosüjet yayımlanıb. Həmçinin məqalədə reallıqları əks etdirən foto və infoqrafik məlumatlar öz əksini tapıb.

Mission News Theme by Compete Themes.