Press "Enter" to skip to content

Qafqaz İslam Ordusunun qəhrəmanlıq ruhu Şuşa bəyannaməsində də öz əksini tapıb

Bayraqdar.info – “1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak işğalından azad edildi. Bu, XX əsrdə regionda əhəmiyyətli siyasi nəticələri olan və tarixdə mühüm yer tutan ən önəmli hərbi əməliyyat idi. Çünki məhz bu hərbi əməliyyat nəticəsində azad edilən Bakı dünyada ilk müstəqil, süveren türk cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türkiyəli general qeyd edib ki, Bakının bolşevik-daşnak birləşmələrindən azad edilməsinə təkcə bu şəhərin AXC-nin paytaxtı olması prizmasından yanaşmaq doğru olmazdı: “Məsələ burasındadır ki, Bakının azad edilməsi ilə əvvəllər ancaq kiçik quru sərhəddi olan Azərbaycan Xalq Cümhuriyyəti artıq Xəzər dənizinə çıxış əldə etdi və öz mövqelərini xeyli gücləndirdi. Bir sözlə, Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusunun 103 il əvvəl Bakını işğaldan azad etməsinə yalnız həmin zaman baxımından deyil, eyni zamanda, sonrakı dövrlər prizmasından da qiymət vermək gərəkdir. Yəni, məhz 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi ilə müstəqilliyini gücləndirən, dənizə çıxış əldə edən Azərbaycanın əldə etdiyi bu mövqe həm 70 illik sovet rejimi dövründə, həm də sovetlərın dağılmasından sonra yenidən əldə edilən müstəqillik illərində öz rolunu oynadı. 103 il əvvəl Osmanlı imperiyasının ağır durumda olmasına baxmayaraq Azərbaycana göndərdiyi Qafqaz İslam Ordusunun azad etdiyi Bakı bu gün yerləşdiyi regionun lider dövləti olan müasir müstəqil Azərbaycanın paytaxtı kimi dünyanın diqqət mərkəzindədir. Birmənalı olaraq qeyd edə bilərik ki, bu günkü qüdrətli Azərbaycanın təməli məhz 103 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi ilə qoyuldu”.

Y.Karauz daha sonra deyib: “Bu gün Azərbaycana səfər edən xarici ölkə təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri Şəhidlər Xiyabanında dalğalanan iki qardaş ölkənin bayrağı altında dəfn edilmiş Qafqaz İslam Ordusu əsgərlərinin zamanında hansı qəhrəmanlıqlar göstərdiyi barədə də məlumat əldə edir. Həmin vaxt Qafqaz İslam Ordusunun tərkibində döyüşərək Azərbaycanın müxtəlif bölgələrində şəhid olan 1130 türkün Azərbaycanda 18 şəhidliyinin olması da qardaşlıq bağlarımızın güclü olduğunun daha bir nümunəsidir. Dünyada Türkiyədən başqa heç bir ölkənin başqa ölkədə 18 şəhidliyi yoxdu. Bu şəhidliklər gəlinlərin, sünnət olacaq uşaqların, hərbi xidmətə gedəcək gənclərin bir ziyarətgahı halına gəlib. Bu 18 şəhidlik sovet dönəmindəki 70 illik təzyiq və repressiya rejiminə rəğmən Azərbaycan xalqı tərəfindən qorunub, saxlanılıb. Bu da tarixi bir faktdır və Azərbaycan xalqının qədirbilən bir xalq olduğunun növbəti nümunəsidir”.

Y.Karauz vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100-cü ildönümü ilə bağlı Bakıda keçirilən hərbi paraddakı çıxışları həm də dünyaya bir mesaj idi. Bu mesajın nəticəsi olaraq ötən il 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan dünyadakı haqsızlığa son qoydu, 28 ildir kağız üzərində qalan BMT qətnamələrini özü icra etdi. Onu da deyim ki, bu müharibənin ilk günündən Türkiyə Azərbaycanın yanında oldu, öz mənəvi və siyasi dəstəyini göstərdi. Bu dəstək Qafqaz İslam Ordusunun döyüş, qardaşlıq ruhundan güc aldı. Müharibədən sonra iki qardaş ölkə arasında imzalanan Şuşa bəyannaməsinin də məhz həmin ruhdan güc aldığını deyə bilərik. Daha doğrusu, Qafqaz İslam Ordusunun qəhrəmanlıq ruhu Şuşa bəyannaməsində də öz əksini tapıb”.

Onun sözlərinə görə, həmin vaxt Bakını azad edən Qafqaz İslam Ordusu ilə yanaşı, Azərbaycanın ilk ordu birləşmələri də misilsiz qəhrəmanlıqlar göstəriblər: “Bütün bu torpaqlar üçün şəhid olanları və qaziləri rəhmət, minnətdarlıq, şükran və dua ilə anıram. Hesab edirəm ki, 1918-ci il 15 sentyabr qəhrəmanlığı ilə bağlı orta və ali məktəblərdə daha çox məlumat verilməli, dərsliklərdə daha geniş yer ayrılmalıdır”.

Mission News Theme by Compete Themes.