Press "Enter" to skip to content

Türk Keneşi postmüharibə dövründə də Azərbaycanın yanındadır

Son yeniləmə: 17 Sentyabr 2021 09:53

Bayraqdar.info – “Bilindiyi kimi sentyabrın 10-da Bakıda Türk Keneşinin iqtisadiyyat nazirlərinin 10-cu iclası keçirilib. İclasda türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Eyni zamanda, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bu istiqamətdə Türkiyə ilə Azərbaycan arasındakı razılaşmaların digər ölkələr arasında da əldə edilməsinin önəmli olacağı bildirilib. Görüşdə Türk Keneşinə üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçiriləcək Zirvə toplantısının iqtisadi gündəliyi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsinə dair imkanların araşdırılması barədə müzakirələr aparılıb.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, tədbir çərçivəsində imzalanan Türk Keneşinə üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandum da xüsusi önəm kəsb edir: “Qeyd edim ki, bu sənəd təşkilat daxilində ümumi rəqəmsal platformanın yaradılmasına töhfə verəcək, zonaların strateji inkişafı üçün məlumatların mübadiləsi və məsləhətləşmələrin aparılması imkanlarını yaratmaqla, xarici investisiyaların cəlb edilməsi istiqamətində uğurlu iqtisadi model tətbiq etməyə şərait yaradacaq”.

Hulusi Kılıç deyib ki, bu iclas digər iki məqam baxımından da diqqət mərkəzində olub: “Əvvəla onu deyim ki, Türk Keneşinin iqtisadiyyat nazirlərinin 10-cu iclasının Azərbaycanın Vətən müharibəsindən sonra Bakıda keçirilməsi böyük önəm kəsb edir. Bu, müharibədən sonra bütün dünyanın diqqətinin Azərbaycana, o cümlədən işğaldan azad edilmiş ərazilərə yönəldiyini bir daha təsdiqləyib. Digər vacib məqam isə odur ki, bu iclas çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forum keçirilib. Forumdakı çıxışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun vurğuladığı kimi 44 günlük Vətən müharibəsi dövründə Türk Keneşi Azərbaycana böyük dəstək verib. O da qeyd edilib ki, azad edilmiş ərazilərin bərpasında Türk Keneşinə üzv ölkələrin şirkətlərinin böyük marağı və bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəkləri yüksək qiymətləndirilir. Türk Keneşinin Baş katibi Bağdad Amreyev isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasının türkdilli dövlətlərin ümumi işi olduğunu və Qarabağın türk dünyasının inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini vurğulayıb. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanın nümayəndə heyətlərinin rəhbərləri və digərləri də çıxışlarında təmsil etdikləri ölkələrin şirkətlərinin Qarabağın bərpası və yenidənqurulmasında iştirakda marağını ifadə ediblər. Bütün bunlar isə bir həqiqəti ortaya qoyur. Türk Keneşi müharibə zamanı olduğu kimi, postmüharibə dövründə də Azərbaycanın yanındadır”.

Mission News Theme by Compete Themes.