Press "Enter" to skip to content

Milli Məclisin Gənclər və idman komitəsinin iclası

Bayraqdar.info – Sentyabrın 17-də Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən sentyabrın 17-də bayraqdar.info-ya bildirilib.

MM sədrinin müavini, komitənin sədri Adil Əliyev bildirib ki, gündəliyə ötən müddət ərzində komitənin fəaliyyəti ilə bağlı hesabat və qarşıdakı sessiyanın iş planı daxil edilib. Vitse-spiker diqqətə çatdırıb ki, tarixi Zəfərin möhkəmləndirilməsi üçün parlamentin də üzərinə mühüm vəzifələr düşür.

“Adil Əliyev 2021-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə məlumat verərək qeyd edib ki, Gənclər və idman komitəsinin üzvləri ötən müddət ərzində səmərəli fəaliyyət göstərib. Komitə işçiləri bu sahədə ölkədə həyata keçirilən islahatlarla bağlı üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də lazımi addımlar atılıb. Bu dövrdə komitənin 10 iclası keçirilib, 13 məsələyə baxılıb. Deputatlar müxtəlif aktual mövzulara həsr olunmuş həm ölkədaxili, həm də beynəlxalq səviyyədə bir sıra tədbirlərdə iştirak ediblər. Habelə, yerli və xarici mediada çıxış edərək ölkədə gedən proseslər, o cümlədən sosial, iqtisadi, humanitar sahələrdə görülən işlər, əldə edilən nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırıblar.

“Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan, ümumilikdə 437 məktub, müraciət və sənəd daxil olub. Bundan əlavə, yeni texnologiyaların tətbiqi sayəsində müxtəlif sosial şəbəkələr üzərindən 1000-dən çox müraciət qeydə alınıb. Müraciətlərdə göstərilən məsələlərin böyük əksəriyyəti artıq öz həllini tapıb, bəziləri isə icradadır. Komitə üzvləri fərdi qaydada da vətəndaşların qəbulunu keçiriblər və onları narahat edən məsələlərin bir çoxu müsbət həll olunub.

“Komitə sədri bildirib ki, ötən sessiyalarda gənclərlə, idmançılarla, habelə şəhid ailələrinin üzvləri ilə, qazilərlə, Vətən müharibəsində iştirak etmiş digər insanlarla bir sıra görüşlər keçirilib. Görüş iştirakçılarına əldə etdikləri nailiyyətlərə görə müxtəlif mükafatlar, Fəxri fərmanlar təqdim olunub. Komitə üzvləri bir sıra sosial məzmunlu və xeyriyyə tədbirlərində də fəal iştirak ediblər.

“Sonra A.Əliyev komitənin 2021-ci il payız sessiyası üçün iş planı barədə məlumat verib. Qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında, habelə bəzi qanunlarda dəyişikliklərin olunması ilə bağlı təqdim edilən layihələrə baxılacağı, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələrinin müzakirə olunacağı deyilib. Qeyd edilib ki, bu sessiyada müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Belə ki, cari ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı maarifləndirmə işinin təşkilində, “Yaşatmaq yaşamaq kimi gözəldir” aksiyasının, “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsində komitə üzvləri fəal iştirak edəcəklər.

“Çıxış edən komitə sədrinin müavini Şahin İsmayılov, deputatlardan Cavid Osmanov, Ülvi Quliyev, Könül Nurullayeva, Sevinc Hüseynova, Mahir Abbaszadə komitənin ötən sessiyalarda fəaliyyəti barədə fikirlərini bildiriblər. Deputatlar ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, reallaşan dövlət proqramlarından bəhs ediblər, gənclərin sağlam, savadlı, vətənpərvər yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflər səsləndiriblər.

“Onlayn iclasda komitə üzvləri Elnur Allahverdiyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Etibar Əliyev, Ramil Həsən, Vüqar İskəndərov, Cəbi Quliyev iştirak ediblər”, – deyə MM-in xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.