Press "Enter" to skip to content

Rum tərəfi əsl niyyətini bir daha nümayiş etdirdi

Bayraqdar.info – “Rum tərəfinin rəhbərliyi diplomatik etikanı pozmaqla yanaşı, əsl niyyətinin sadəcə siyasi manevr və imic yaratmaq olduğunu bir daha nümayiş etdirdi.” Bu sözlər Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanlığının rum tərəfinin son addımına etirazında öz əksini tapıb.

KKTC Cümhurbaşqanlığı Kıbrıs rum rəhbərliyini Nyu-Yorkdakı üçtərəfli görüş üçün rəsmi dəvət almadan əvvəl bu barədə mətbuata verdiyi açıqlamanı düzgün hesab etmir.

Bununla bağlı yayılan açıqlamada deyilir: “Dünən BMT Baş katibinin xüsusi nümayəndəsi və BMT Sülh Qüvvələri Missiyasının şefi Elizabeth Spehar Cümhurbaşqanı Ersin Tatarla telefonla əlaqə saxlayaraq Baş katib Antonio Quterreşin 27 sentyabrda Nyu-Yorkda üçtərəfli görüş üçün dəvət göndərmək fikrində olduğunu deyib. O, bununla bağlı E.Tatarın mövqeyini öyrənib. Cümhurbaşqanı E.Tatar, daha əvvəl ictimaiyyətə elan etdiyi kimi, Baş katibdən rəsmi dəvət alınacağı təqdirdə, Kıbrıs rum tərəfinin lideri Nikos Anastasiades ilə üçtərəfli qeyri-rəsmi görüşə qatıla biləcəyini Spehara bildirib”.

Rəsmi dəvət olmadan bunu dəqiq bir görüş kimi mətbuata təqdim edən rum tərəfini qınayan KKTC Cümhurbaşqanlığının açıqlamasında daha sonra deyilir: “Baş katib tərəfindən rəsmi dəvətin ediləcəyi təqdirdə Kıbrıs türk tərəfi olaraq Cenevrədə masaya qoyduğumuz təklifimiz və yeni baxışımız əsasında Cümhurbaşqanımız üçtərəfli qeyri-rəsmi görüşə xoş niyyət və konstruktiv anlayışla qatılacaq”.

Mission News Theme by Compete Themes.