Press "Enter" to skip to content

“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə

Bayraqdar.info – Sentyabrın 17-də İctimai Nəzarət Mərkəzinin təşəbbüsü ilə “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib. Müzakirədə bir sıra dövlət qurumları, Bakı və regional QHT-lər və KİV nümayəndələri iştirak edib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 18-də İctimai Nəzarət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, MQF-nin prezidenti, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni Prezident İlham Əliyevin apardığı islahatlara dəstək olmaq məqsədilə yaradılan İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə məlumat verib. O, dünyada və ölkəmizdə ağ ölümə çevrilən narkomaniya ilə mübarizə istiqamətində aparılan tədbirlərin əhəmiyyətini diqqət mərkəzinə çatdırıb.

Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçı qrupunun sədr müavini Tanrıverdi Aydınov çıxışını edərək ölkədə narkomaniya ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. O, qeyd edib ki, narkomaniya bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biridir. T.Aydınov ölkədə tüğyan edən narkomanlığa qarşı mübarizənin həllinə nail olunması üçün bu cür müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirib.

Daha sonra Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki Ədalət Vəliyev narkomaniya ilə mübarizə istiqamətində Daxili İşlər Nazirliyinin, o cümlədən Baş Narkotiklərlə Mübarizə İdarəsinin apardığı tədbirlər barəsində geniş informasiyanı iştirakçıların nəzərinə çatdırıb.

Tədbirin gedişatında bir sıra dövlət qurumları və QHT nümayəndələri çıxış edərək məsələlərə dair öz təklif və fikirlərini bildiriblər.

Mission News Theme by Compete Themes.