Press "Enter" to skip to content

“Üç Çizgi”nin 18-ci sayı Aşıq Ələsgərə həsr olunub

Bayraqdar.info – Eskişehir Azərbaycanlılar Dərnəyinin təsisçiliyi ilə nəşr edilən “Üç Çizgi” jurnalının 18-ci sayı işıq üzü görüb. 18-ci sayın üz qapağında ustad Ağıq Ələsgərin fotosu və “Görmədim” şeiri verilib.

Bu barədə bayraqdar.info-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.

Onun sözlərinə görə, jurnalın hər sayı bir tarixi hadisəyə yaxud tarixi şəxsiyyətə həsr olunur: “Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə 18-ci sayımızı da məhz Azərbaycanın ustad aşığına həsr etmişik. Bundan başqa bu sayımızda bir çox maraqlı mövzulardan bəhs edən məqalələr və müəllif yazıları, həmçinin dərnəyimizin fəaliyyəti ilə bağlı məlumatlar da öz əksini tapıb”.

Cavid Aydın deyib ki, jurnalın hər sayında Azərbaycanın bir şəhər, yaxud rayonu haqqında məlumat verilir: “18-ci sayımızın Aşıq Ələsgərə həsr edildiyini, həmçinin, Qazaxın da saz, söz yurdu kimi tanındığını nəzərə alaraq bu sayımızda Qazax haqqında geniş məlumat vermişik. Bu sayımızda həmçinin, mərhum jurnalist Çingiz Mustafayevdən bəhs edən “Öz ölümünü çəkən jurnalist” başlıqlı məqalə, 8 noyabr Zəfərimizə həsr olunmuş şeir, Ahıska türklərinin Azərbaycandakı yaşayışı ilə bağlı məqalə də yer alıb”.

O da qeyd olunub ki, “Üç Çizgi” jurnalı üç aydan bir işıq üzü görür: “Bu sayımız ümumilikdə 18-ci olmaqla bu il işıq üzü görən ikinci sayımızdı. Bu ilin Azərbaycanda Nizami Gəncəvi, Türkiyədə isə Yunus Əmrə illəri olmasını nəzərə alaraq jurnalımızın 19-cu sayı dahi Nizamiyə, 20-ci sayı isə Yunus Əmrəyə həsr olunacaq”.

Mission News Theme by Compete Themes.