Press "Enter" to skip to content

Münxendə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə görüş

Son yeniləmə: 20 Sentyabr 2021 19:47

Bayraqdar.info – Münxen şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə icma üzvləri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bayraqdar.info-ya verilən məlumata görə, tədbirdə çıxış edən komitə sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış şanlı qələbənin diaspor quruculuğunda yeni səhifə açdığını bildirib.

Komitə sədri Almaniyadakı Azərbaycan diasporu tərəfindən bu günədək görülən işləri yüksək qiymətləndirib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb. F.Muradov Koordinasiya şuralarının və “Azərbaycan evləri”nin bu istiqamətdəki əhəmiyyətli rolundan söz açıb, soydaşlarımızı “Azərbaycan evləri”nin fəaliyyətində aktiv iştirak etməyə səsləyib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub, Dövlət Komitəsi tərəfindən nəşr olunan “Azərbaycan dili” dərsliyi, diaspor nümayəndələrinin Şuşa səfəri və diaspor gəncləri üçün yay düşərgələrindən də söz açılıb.

Daha sonra Münxen “Azərbaycan Evi”nin rəhbəri Səttar Kərimov, Köln “Azərbaycan Evi”nin sədr müavini Altay Rüstəmov və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası İdarə Heyətinin sədri Yaşar Musayev hesabat xarakterli çıxış edərək, Vətən Müharibəsi dövründə təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.

Çıxışlardan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib. Eyni zamanda, diaspor təşkilatlarının və “Azərbaycan evləri”nin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb, 27 sentyabr – Anım Günü və 8 noyabr – Zəfər Günü ilə bağlı iş planı təsdiqlənib.

Mission News Theme by Compete Themes.