Press "Enter" to skip to content

44 günlük Vətən müharibəsi şəhidləri anılıb

Bayraqdar.info – Sentyabrın 22-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 44 günlük Vətən müharibəsi şəhidlərinin əbədi xatirəsinə həsr olunmuş Dəyirmi masa keçirilib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 23-də İnstitutdan xəbər verilib.

27 sentyabr Anım Günü ərəfəsində keçirilən tədbiri İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova açaraq tədbir iştirakçılarını salamlayıb. Professor M.Rəhimova çıxışında bunları bildirib:

“Bildiyiniz kimi erməni vandalları 30 ilə yaxın bir müddətdə Azərbaycanın tarixi torpağı olan Qarabağı işğal etmişdi. 2020-ci il sentyabrın 27-dən etibarən hörmətli Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz əks-hücuma keçərək 44 günün içində işğal altında olan torpaqlarımızı azad etdi. İşğal altında olan torpaqlarımızda bu 30 il içində ermənilər insanlığa sığmayan vəhşiliklər törətmiş, azərbaycanlılara məxsus şəhər və kəndləri, tarixi abidələri yer üzündən silmişlər. Azərbaycan xalqına məxsus abidələrin bir qismini talan etmiş, öz adlarına çıxmağa çalışmışlar. Hətta bildirim ki, bəzi abidələri, məsələn, Azıx mağarası kimi qədim insan yaşayış yerində Azərbaycan dövlətinin icazəsi olmadan bəzi əcnəbi arxeoloqlarla birlikdə qanunsuz qazıntılar aparmışlar. Bu ərazilər işğalçılardan təmizləndikdən sonra işğalçıların evlərinin birində çoxlu sayda qutular aşkar edildi. Məlum oldu ki, bu qutularda Azıx mağarasında aparılmış qanunsuz qazıntılardan əldə edilmiş materiallar var idi. Bizə bu barədə xəbər verdikdən sonra biz oraya əməkdaşımızı ezam etdik. Bu materiallar İnstitutumuza gətirilib Arxeoloji fonda yerləşdirildi. Hörmətli Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev 2020-ci il dekabrın 2-də sentyabrın 27-sinin Anım günü kimi qeyd edilməsi barədə sərəncam imzaladı. Bu günkü toplantının, Dəyirmi masanın da əsas mövzusu budur. Bizim əsas məruzəçimiz var – professor Əsədulla Cəfərov. Onun çıxışından öncə xahiş edərdim ki, 44 günlük şanlı Vətən müharibəsində həyatlarını qurban vermiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükütla yad edək”, – deyə professor Maisə Rəhimova bildirdi.

“Tədbir iştirakçıları bir dəqiqəlik sükutla 44 günlük İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhunu yad ediblər. Daha sonra İnstitututn “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, professor Əsədulla Cəfərov məruzə ilə çıxış edib.

“Mən çox sevinirəm ki, 33 ildən sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktorunun otağında bu tədbirdə Qələbə bayramını qeyd etməyə hazırlaşırıq. Azərbaycan torpağında böyümüş, bu torpağın suyunu içmiş hər bir Vətən övladı başımıza gələn bəlaların tarixini yaxşı bilməlidir. XX əsrdən etibarən yeddinci dəfədir ki, erməni millətçiləri başımıza bu bəlanı gətirirlər. İlk dəfə 1905-1907-ci illərdə erməni millətçiləri o dövrdə çar Rusiyasında hakimiyyətdə onlara xidmət edənlərə, onları dəstəkləyənlərə arxalanaraq xalqımıza qarşı qanlı cinayətlər törətmişlər. Bu barədə görkəmli ziyalılarımızın, məsələn, Məmməd Səid Ordubadinin əsərlərində məlumat verilir”, – deyə Ə.Cəfərov qeyd edb.

“İnstitutun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, t.ü.f.d. Bəhlul İbrahimli bildirdi ki, 44 günlük müharibədən sonra hələ indi də dünyanın tanınmış hərbi məktəbləri, strateqləri bu müharibədə Azərbaycan Ordusunun göstərdiyi məharəti və Qələbənin səbəblərini öyrənirlər. İlk növbədə mən qardaş Türkiyəni, həmçinin Pakistanı və bizlə strateji münasibətdə olan bir sıra digər dövlətləri qeyd etmək istərdim. Allah şəhidlərimizə rəhmət eləsin!” – deyə t.ü.f.d. B.İbrahimli çıxışını bitirib.

“Daha sonra söz alan t.ü.f.d., etnoqraf Təranə Quluzadə bildirib ki, 27 sentyabr bütün azərbaycanlılar üçün Azərbaycan tarixinin ən şərəfli salnaməsinin ilk günü kimi tarixdə qalacaq. “30 il düşmən tapdağında qalan torpaqlarımızın geri alınması bizim əsgərlərimizin, şəhidlərimizin canı və qanı hesabına gerçəkləşdi. Şəhidlərimizn müqəddəs ruhları qarşısında baş əyirəm, Allahdan onların ruhlarına rəhmət diləyirəm. Onu da qeyd etmək istəyirəm ki, bizim İnstitutun əməkdaşlarının da qohumları arasında qazilər və şəhidlər oldu. Şəhidlər sırasında t.ü.f.d. Fərhad Quliyevin, t.ü.f.d. Xəqani Alməmmədovun, arxeoloq Təranə Babayevanın yaxın qohumları var. Həmçinin, bizim şöbəmizin əməkdaşı Gülnaz xanımın həyat yoldaşı, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş, şəhid hərbi zabit Natiq Baxşəliyevin xatirəsini yad etməkdəyik. Allah şəhidlərimizə rəhmət eləsin! Xahiş edirəm ki, Gülnaz xanım şəhid həyat yoldaşı Natiq Baxşəliyev barədə bir neçə kəlmə desin”.

“İnstitutun əməkdaşı, Şəhid zabit Natiq Baxşəliyevin həyat yoldaşı Nazilə xanım çıxış etdi. “Mənə ağır günlərdə mənəvi dəstək göstərmiş bütün İnstitut əməkdaşlarına təşəkkürümü bildirirəm. İkinci Qarabağ müharibəsində Ordumuzun sıralarında öz şanlı və son döyüş yolunu həyat yoldaşım leytenant Natiq Saleh oğlu Baxşəliyev Füzulinin azad olunması uğrunda döyüşlərdə başladı. Daha sonra Hadrutun azad olunması uğrunda döyüşlərdə iştirak etdi. Oktyabrın 20-də Ərgünəş dağı istiqamətində gedən döyüşlərdə şəhid olur…”.

“Sonda İnstitutun direktoru professor M.Rəhimova bildirdi ki, torpaqların azadlığını qanları hesabına təmin etmiş şəhidlərimiz barədə danışmaq həm şərəflidir və həm də ağırdır. “Bir daha Allahdan şəhidlərimizin ruhuna rəhmət diləyirik!” – deyərək professor Maisə Rəhimova tədbiri yekunlaşdırıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.