Press "Enter" to skip to content

Azərbaycana qarşı əsassız hücum kampaniyaları bir növ adət halını alıb

Vüqar İskəndərov

Bayraqdar.info – “1993-cü ilin iyunundan sonra əsası qoyulan və son 18 ildə davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bütün sahələrdə uğurlar qazanıb. Ölkəmiz eyni zamanda iqtisadi inkişaf baxımından da yüksək nəticələr əldə edib. Məhz bu uğurlar və yüksək iqtisadi göstəricilər 44 günlük Vətən müharibəsində əldə edilən qələbədə də əhəmiyyətli rol oynadı.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən işlər zamanı da bu vaxta kimi qazandığımız uğurlar, iqtisadi nailiyyətlər öz sözünü deyir və deyəcək. Bir sözlə, görünən odur ki, ölkəmiz müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də qarşıya qoyulan işləri reallaşdırmaq gücünə malikdir: “Lakin bu uğurlarımız ölkəmizi istəməyən bəzi xarici dairələrin, Qərbin anti-azərbaycan qüvvələrinin, necə deyərlər yuxusunu ərşə çəkib. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsində tarixi Qələbənin birinci ildönümü ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyasına cəhdləri sezməkdəyik”.

V.İskəndərov deyib ki, Qərbin müəyyən dairələrinin, o cümlədən onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də müşahidə olunub: “Əslində belə demək mümkünsə, Qərbin anti-Azərbaycan dairələrinin Azərbaycana qarşı əsassız hücum kampaniyaları bir növ adət halını alıb. Yəni, hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur. Biz Eurovision 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihlərin reallaşdırlması, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlərin ölkəmizdə keçirilməsi zamanı müşahidə etmişik. Həmin vaxt Qərbin qərəzli dairələri bu hücumlarla beynəlxalq ictimaiyyətin diqqətini keçirilən tədbirlərdən, qazanılan uğurlardan yayındırmaq, əsassız və qərəzli şəkildə Azərbaycanı hədəfə gətirmək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana əlavə problemlər yaratmaq məqsədi güdüblər”.

Deputat qeyd edib ki, Azərbaycanın tarixi Qələbəsindən sonra həmin dairələr ölkəmizdə müharibə dövründə daha da möhkəmlənmiş, sarsılmaz mirli birlikdən bərk narahatdırlar: “Buna görə də sanki dirijor çubuğu ilə hərəkətə gətirilən, təşkil olunan yeni kampaniyanın əsas məqsədi milli birliyi, xalqın öz liderinə, hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır. Yəni, görünən odur ki, Qərbin anti-Azərbaycan dairələri ölkəmizin müharibədə qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Elə Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur”.

Vurğulanıb ki, həmin dairələr qondarma problemləri ortaya atır, onun beynəlxalq miqyasda müzakirəsini təşkil etməyə, mövzunu Azərbaycanın informasiya məkanına keçirtməyə çalışırlar: “Lakin hər dəfə olduğu kimi bu dəfə də həmin məkrli istəklər, qara cəhdlər iflasa məhkumdur. Çünki Azərbaycanda milli birlik və həmrəylik mövcudur. Vətən müharibəsində bir yumruq kimi birləşərək tarixi Zəfər əldə edən xalqımız Qərbin anti-Azərbaycan dairlərinin bu çirkin kampaniyalarına qarşı da birlik və bərabərliklə mübarizə aparacaq”.

Mission News Theme by Compete Themes.