Press "Enter" to skip to content

Polşa Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Bayraqdar.info – Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Polşa xarici işlər naziri Zbiqnyev Rau ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutub.

Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Bundan başqa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Azərbaycan və Polşa arasında strateji tərəfdaşlıqla bağlı məsələlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Ölkələr arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər görüş zamanı Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində iştirakla bağlı məsələləri müzakirə ediblər. Həmçinin, Polşanın qarşıdan gələn il ATƏT-ə sədrliyi ilə bağlı, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə nazir C.Bayramov həmkarına 44 günlük Vətən müharibəsi nəticəsində bölgədə yaranmış yeni reallıqlar və cari regional təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasından bəhs edib. Nazir Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiyini vurğulayıb. O, ölkəmizin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə lazımi addımları atdığını qeyd edib və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə başladığını həmkarının diqqətinə çatdırıb.

Nazir C.Bayramov Ermənistanın hələ də bölgədə sabitliyə əngəl yaratdığını və təxribatlarını davam etdirdiyini söyləyərək həmkarını məlumatlandırıb.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Zbiqnyev Rau bölgədə sülhün və sabitliyin təmin olunmasının vacibliyini qeyd edib. O, Azərbaycanın Polşa üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.