Press "Enter" to skip to content

Azərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş

Bayraqdar.info – Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahəsinə dəyən zərərlə bağlı ilk sığorta ödənişi həyata keçirilib. Aqrar Sığorta Fondundan verilən məlumata görə, sığorta ödənişi İsmayıllı rayonunun Mücü-Həftaran kəndində fəaliyyət göstərən fermer Arif Niftəliyevə məxsus üzümçülük təsərrüfatına edilib.

Bu barədə məlumat bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.

Məlumatda bildirilir ki, fermerin 4 hektarlıq üzüm bağının 2 hektarı Fond tərəfindən sığortalanıb. İyun ayında İsmayıllı rayonunda yağan dolu təsərrüfata ciddi zərər vurub, məhsul tamamilə korlanıb. Sığorta hadisəsi ilə bağlı sahibkarın Fonda müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb, hava şəraiti və digər məsələlərlə bağlı sənədləşdirmə işləri həyata keçirilib. Nəticədə Aqrar Sığorta Fondunun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3 min 780 manat məbləğində sığorta ödənişi fermer Arif Niftəliyevin bank hesabına köçürülüb.

“İsmayıllı rayonunun Mücü-Həftaran kəndində yerləşən təsərrüfatda əkin sahəsi üzrə ilk aqrar sığorta ödənişinə həsr olunmuş tədbir və fermerlərlə görüş keçirilib. Tədbirdə Fondun və İsmayıllı rayon icra hakimiyyətinin rəhbərliyi, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, İsmayıllı və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak edib.

“Tədbirdə çıxış edən Fondun sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Bir qədər əvvəl heyvandarlıq sığortası üzrə ödənişlərə başlandığını xatırladan Fuad Sadıqov bildirib ki, artıq əkin sahələri üzrə də ödənişlərin həyata keçirilməsi aqrar sığorta mexanizminin tam həcmdə işə düşdüyünü və fermerlərin qazancını qoruduğunu göstərir. Fondun sədri qarşıdakı dövrdə sığortalanan bitkilərin siyahısının daha da genişlənəcəyini bildirərək fermerləri öz təsərrüfatlarını qorumağa və sığortalamağa çağırıb. İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov bildirib ki, İsmayıllı rayonu dağlıq ərazidə yerləşdiyinə görə, burada təbiət hadisələrinin baş verməsi və onların təsərrüfatlara zərər vurması riski yüksəkdir. Onun sözlərinə görə, yerli təsərrüfatda baş verən hadisə və dəymiş zərərin Fond tərəfindən ödənilməsi fermerlərin bu mexanizmə inamını artırır və təsərrüfatlarını sığortalamağa sövq edir.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.