Press "Enter" to skip to content

Özbaşına heykəl və abidə ucaldanlara Mədəniyyət Nazirliyindən təpki

Bayraqdar.info –“Son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

“Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən Prezidentin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir.

“İctimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir.”

Bu məlumat bayraqdar.info-ya sentyabrın 24-də Mədəniyyət Nazirliyindən daxil olub.

Məlumatda o da qeyd olunur ki, heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır.

Ucaldılan hər bir monumental əsər vətəndaşlarla yanaşı, həm də ölkəyə səfər edən xarici qonaqlar və turistlərdə də ölkə haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır.

Mission News Theme by Compete Themes.