Press "Enter" to skip to content

Şamaxıda tarla seminarı

Bayraqdar.info – Şamaxı rayonunda “Üzümçülükdə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır” mövzusunda tarla seminarı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi üzümçülükdə aqrotexnoloji tədbirlərin həyata keçirilməsi qaydalarını fermerlərin diqqətinə çatdırmaqdır.

Xəbər bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.

“Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün aqrotexnikası” şöbəsinin müdiri Azər Şükürov, “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin aparıcı elmi işçisi Mövlud Hüseynov və Şamaxı DAİM-in nümayəndəsi Orxan Hüseynov tərəfindən tarla seminarı zamanı üzüm sortlarının məhsuldarlığı və məhsulun keyfiyyəti qiymətləndirilib. Aprobasiya və seleksiya işləri davam etdirilib. Üzüm sortlarında şəkərliliyin miqdarı tarla refraktometri vasitəsilə müəyyən edilib. Oqanoleptik və laborator analizlərlə əmtəəlik xüsusiyyətlərinin yaxşılaşdığı, şəkərliliyin və digər əhəmiyyətli göstəricilərin miqdarının yüksəldiyi məlum olub. Bundan başqa, süfrə üzümünü tənək üzərində uzun müddət saxlamaq üçün institutun mütəxəssisləri tərəfindən verilən məsləhətlər əsasında vacib tədbirlər həyata keçirilib. Üzüm tənəkləri mütəmadi nəzarətdə saxlanılıb və boz çürümə xəstəliyinə qarşı bir neçə dəfə funqisidlərlə – Kumulus 6-8 kq /ha, Botran 1,5-2,0 kq/ha, Heradion 1,0-1,5 kq/ha və s. çiləmələr aparılıb. İqlim dəyişikliyi və yağışların miqdarının kəskin azaldığı nəzərə alınaraq bəzi üzümlüklərdə növbəti təsərrüfat ilində damcı suvarma sisteminin quraşdırılması nəzərdə tutulub.

“Təlim zamanı tarla refraktometri, xüsusi qayçı və bıçaqlar, mövsümə uyğun olaraq üzümçülüyə dair çap materiallarından istifadə edilib və bəzi əməliyyatlar praktiki olaraq həyata keçirilib.

“Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir və Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.