Press "Enter" to skip to content

Eskişehirdə “Zəfər qardaşlığı”

Bayraqdar.info – Sentyabrın 27-də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Artıq bir neçə gündür ki, həm ölkə daxilində, həm də xaricdə Vətən müharibəsi, bu müharibədə əldə edilən tarixi Zəfərə həsr edilmiş tədbirlər keçirilir.

Sentyabrın 24-də Türkiyənin Eskişehir şəhərində keçirilən “Zəfər qardaşlığı” adlı tədbir də məhz bu Qələbəmizə həsr edilib. Bu barədə bayraqdar.info-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Bildirilib ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə dərnəyin sədri Cavid Aydın açıb.

Dərnək sədri bildirib ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi. Rəşadətli ordumuz işğalçıları bizim torpaqlardan qovdu və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müzəffər Ali Baş Komandanımızın rəhbrəlik etdiyi rəşadətli Ordumuzun əldə etdiyi tarixi Zəfərimiz nəticəsində 30 illik düşmən işğalına son qoyuldu”.

C.Aydın əlavə edib ki, 44 günlük şanlı savaş həm indiki, həm də gələcək nəsillər tərəfindən dərindən öyrənilməlidir: “Heç şübhəsiz bu işdə biz diaspor təmsilçilərinin də üzərinə mühüm vəzifələr düşür. Rəhbərlik etdiyim Eskişehir Azərbaycanlılar Dərnəyi bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün öz işini günün tələbləri səviyyəsində qurub. Onu da deyim ki, biz Vətən müharibəsində də üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıq. Belə ki, yerli “EsTV”də yayımlanan “Üç Cizgi” proqramının müharibə dövründəki və müharibə sonrasındakı yayınlarında öz sahələrində məşhur şəxsləri dəvət edərək Qarabağ müharibəsi haqqında proqramlar hazırladıq. Bu istiqamətdəki fəaliyyətimiz hazırda da davam edir”.

Tədbirdə çıxış edən Azərbaycanın İstanbul konsulu Anar Axundov Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyin əhəmiyyətindən danışıb. O həmçinin, qazanılan qələbə ilə həm şəhidlərimizin qisasının alındığını, həm də torpaqlarımızın işğaldan azad edildiyini deyib.

Tədbirdə çıxış edən Anadolu Universitetinin rektoru, Prof. Dr. Fuat Erdal iki dövlət, tək millət olan Azərbaycan və Türkiyə qardaşlığının bir ömür davam etməsini diləyib. Milliyətçi Hərəkat Partiyası Eskişehir millət vəkili Metin Nurullah Sazak isə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə toxunaraq daha necə zəfərlərə doğru birlikdə irəliləyəcəyimizi söyləyib.

Qeyd edək ki, tədbir zamanı qonaqlara Azərbaycan milli yeməkləri və şirniyyatları təqdim olunub, milli musiqiləri səsləndirilib və Azərbaycan rəqsi nümayiş etdirilib.

Eyni zamanda, tədbir zamanı Eskişehir Azərbaycanlılar Dərnəyinə öz dəstəklərini əsirgəməyən, əməkdaşlıq edən qurumlara təşəkkür plaketi təqdim olunub. Bu plaketi alanlar arasında jurnalist Hüseyin Güven, “EsTV” Genel Yayın Yönetmeni Soner Yüksel adına Kerem Akyıl, iş adamları Aziz Karagöz, Ayhan Sezer, Durmuş Calp, İbrahim Eldem, vəkil Afşin Çalışıcı, Alpata Otomotiv şöbə müdiri Ramis Tunca, Çifteler Bələdiyyə Başqanı Kadir Bıyık, Tepebaşı Bələdiyyə Başqanı Ahmet Ataç, Yüksek Makina Mühəndisi Erkan Bursalı, Eskişehir Texnik Universiteti rektoru Prof. Dr.Tuncay Döğeroğlu, Osmangazi Universiteti rektoru Prof. Dr. Kemal Şenocak, Anadolu Universiteti rektoru Prof. Dr. Fuat Erdal ve Eskişehir TÜRKAV Başqanı Hasan Sezer olub.

Mission News Theme by Compete Themes.