Press "Enter" to skip to content

Bu, Azərbaycanın Vətən müharibəsinə necə böyük bir məsuliyyətlə hazırlaşdığının sübutudur

Vüqar İskəndərov

Son yeniləmə: 26 Sentyabr 2021 13:12

Bayraqdar.info – “Bu gün 44 günlük Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Düz bir il öncə, sentyabrın 27-də işğalçı Ermənistanın artıq pik nöqtəyə çatan hərbi təxribatlarına cavab olaraq başlanan müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Bu müharibə nəticəsində düşmən ölkə sarsıdıcı məğlubiyyətə düçar oldu və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Heç şübhəsiz bu tarixi Zəfərin arxasında bir sıra vacib məqamlar dayanır.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, əvvəla həmin günlər yazılan şanlı tarix Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olduğunu ortaya qoydu: “Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində də bəyan etdiyi kimi dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Yəni, dövlət başçısının bəyan etdiyi kimi, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu, ilk növbədə, onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi. Müsahibədə vurğulandığı kimi döyüş əməliyyatları zonası yetərincə məhduddur və təbii ki, əsas əməliyyatların harada keçiriləcəyini hər bir hərbi mütəxəssis müəyyən edə bilər”.

“Əslində dövlət başçısnın “Buna görə də biz döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edirdik. Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, – hərbi əməliyyatların gedişi indi artıq məlumdur, – bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu” sözləri Azərbaycanın bu müharibəyə necə böyük bir məsuliyyət və ustalıqla hazırlaşdığının sübutudur. Yəni, görünən odur ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bu müharibədə qələbə qazanmaq üçün lazım olan hər bir addımı atıb”, – deyə V.İskəndərov əlavə edib.

Mission News Theme by Compete Themes.