Press "Enter" to skip to content

Görülən işlər Azərbaycanın postmüharibə dövründə də qətiyyətli addımlar atdığının bariz nümayişidir

Son yeniləmə: 26 Sentyabr 2021 13:18

Bayraqdar.info – “Ötən il 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoydu. Müharibədən dərhal sonra isə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verildi. Bir ilə yaxın müddətdə həmin ərazilərdə görülən işlər Azərbaycanın müharibə dövründə olduğu kimi postmüharibə dövründə də qətiyyətli addımlar atdığının bariz nümayişidir.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən işlər zamanı da bu vaxta kimi qazandığımız uğurlar, iqtisadi nailiyyətlər öz sözünü deyir və deyəcək: “Belə ki, Azərbaycan bərpa işlərinə heç kimdən yardım gözləmədən start verib və bütün işlər plan üzrə gedir. Dövlət başçısının Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində də bəyan etdiyi kimi indi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Dövlət başçısı onu da deyib ki, bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara – tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Müsahibəsində bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoyduğunu deyən Prezident bir il, maksimum il yarım ərzində həmin evlərin tikiləcəyini və şuşalıların oraya qaytarıla biləcəyini bildirib”.

“Bu da dövlət başçısının timsalında Azərbaycan dövlətinin qətiyyətinin daha bir nümunəsidir”, – deyən millət vəkili vurğulayıb ki, görülən işlərin dəyəri yoxdur. Çünki cəmi bir il ərzində həmin ərazilər sadəcə ermənilər tərəfindən dağıdılmış, talan edilmiş boş bir səhranı xatırladırdı: “Üstəlik Ermənistan tərəfindən həmin ərazilərin minalanmış sahələrinin xəritələrinin bu günə kimi çox hissəsinin hələ də verilmədiyini də unutmaq olmaz. Lakin dövlətimizin qətiyyəti, cənab Prezidentin iradəsi ortadadır. Bütün maneələrə, dağıntıların miqyasının genişliyinə baxmayaraq işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işləri sürətlə davam edir. Üstəlik bu zaman müasir texnologiyalardan istifadə olunur, qabaqcıl layihələr həyata keçirilir”.

Mission News Theme by Compete Themes.