Press "Enter" to skip to content

Şeyxülislam şəhidlərin ruhuna dualar oxuyub

Bayraqdar.info – Təzəpir məscidində əvvəlcə Vətən müharibəsində canını qurban verən şəhidlərin ruhuna dualar oxunub.

Sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, QMİ sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib. O bildirib ki, Azərbaycan xalqı bu gün öz tarixində möhtəşəm gün – Zəfər yolunun başlanğıcı sayılan 27 sentyabr – Anım gününü qeyd edir.

“Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından bir il ötür. Uca Allahın köməyi, müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu müqəddəs Vətən torpaqlarımızı işğaldan azad etmək üçün ayağa qalxdı, beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıqla vuruşan ordumuz Müzəffər Liderimizin siyasi iradəsi və qalib sərkərdəliyilə dünya hərb tarixinə Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı.

“Azərbaycan tarixinə Böyük Fateh, tarixi ədalətin bərpası yönündə şanlı qələbələri ilə əbədi həkk olunan dövlət rəhbərin misilsiz səyləri ilə dünya azərbaycanlılarının 30 illik Qarabağ həsrətinə, həmçinin insanlıq tarixində böyük ədalətsizliyə, vandalizmə, bəşəri cinayətlərə son qoyuldu, məscidlərimiz, ziyarətgahlarımız əsl sahiblərinə qaytarıldı. Möhtərəm dövlət başçımız dağıdılmış, lakin milli ruhumuz, tarixi kimliyimiz üçün mənəvi əzəmətini qoruyub saxlayan məscidlərə, xristian məbədlərinə yeni nəfəs verəcəyini bəyan etdi. Bu gün Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək, erməni faşistləri tərəfindən vəhşicəsinə viran qoyulmuş şəhər və kəndləri dirçəltmək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti təmin etmək istiqamətində dövlətimiz fövqəladə tədbirlər reallaşdırır. Din xadimlərinin unudulmaz Ağdam, Şuşa səfərləri zamanı viran qoyulmuş məscidlərimizi, xristian məbədlərini görmək nə qədər kədərli idisə, Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid binasının təməlini, bərpa və yenidən qurulan məscid və məbədləri görmək bir o qədər fərəhvericidir. Füzulidə fəaliyyətə başlamış Beynəlxalq hava limanı, Şuşaya aparan Zəfər yolu qalib Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təcəssümüdür. Uca Allahın köməyi ilə, müdrik dövlət rəhbəri Zati-aliləri İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz səyləri ilə, əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları öz yeni, gözəl görkəmi ilə hər birimizi sevindirəcəkdir.

“Bizim Vətən müharibəmiz, qələbəmiz qlobal əhəmiyyətli, dünya siyasətinin gedişatına təsir edən, yeni düzən yaradan bir zəfərdir — haqqın, ədalətin şər üzərində qələbəsidir. Bu, İslam ümməti adına böyük qələbədir. Qardaş Türkiyə dövlətinin siyasi-mənəvi dəstəyi, dost yardımı, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları Şuşa Bəyannaməsi tarixdə qalacaq əsl qardaşlıq örnəyidir. Fürsətdən istifadə edərək, Vətən mücadiləmizdə bizə dəstək verən, haqqımızı müdafiə edən istər müsəlman, istər xristian dövlətlərinə, dost, qardaş ölkələrə bir daha minnətdarlığımızı ifadə etmək istərdim.

“Dindarlarımız, xüsusən, din xadimləri həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmiz, vətəndaşlıq borcumuzdur və biz bu vəzifəmizi hər zamankı kimi layiqli şəkildə həyata keçirdik. Din xadimləri sırasında öz vəzifə borcunu yerinə yetirərkən şəhid olanlar oldular.

“QMİ sədri deyib ki, bu gün İslam tarixində böyük önəmi olan bir gün – şəhidlik məktəbinin ali nümayəndəsi Həzrəti Hüseyn əleyhissəlamın şəhadətinin 40-cı günü – Ərbəin qeyd olunur. Bu günün özəlliyi və əhəmiyyəti 1400 ilə yaxın müddət ərzində ümmətin yaddaşında qorunub saxlanılan, iman və ədalət uğrunda şəhidliyə hazır olmağın rəmzi kimi yad edilməsindədir. Bu fəlsəfəni gözəl dərk edən və ona dəyər verən xalqımız bu ilki Ərbəini tarixinin möhtəşəm ildönümü günündə qeyd edir. Vətən şəhidlərimizin Anım gününün məhz bu tarixə təsadüf etməsinin özündə də bir ilahi hikmət vardır. Zəfəri bizə bəxş edən şərafətli şəhidlərimizin anaları başlarını dik tutsunlar, Vətən onların Allahın cənnətinə ucalmış övladları ilə fəxr edir, qürur duyur. Müqəddəs Kitabımızda buyurulduğu kimi: “Allah yolunda şəhid olanları əsla ölü zənn etməyin! Əksinə, onlar diridirlər və onlara Rəbbinin cənnət ruzilərindən əta olunur” (Ali-İmran, 169)

“Bu gün Vətən müharibəmizin Anım gününü – birinci ildönümünü və Ərbəini yüksək ehtiramla qeyd edən xalqımıza Allah əcr versin! Kərbəla şəhidlərinə, Vətən şəhidlərinə Allah-Təala rəhmət eləsin! Uca Allah hər zaman xalqımıza yardımçı olsun, müdrik dövlət rəhbərimizi və Azərbaycanımızı qorusun, qəhrəman Ordumuzu və dövlətimizi müzəffər qərar versin! Amin!”, – deyə Şeyxülislam bildirib.

Mission News Theme by Compete Themes.