Press "Enter" to skip to content

Nazir universitetin tələbələrilə görüşüb

Bayraqdar.info – Kənd təsərrüfatı naziri İnam Kərimov 2021/2022 tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşüb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 29-da Nazirlikdən xəbər verilib.

Görüşdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADAU-nun yeni tədris korpusunda keçirilən görüşdə çıxış edən nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və dövlət dəstəyi sayəsində bu sahədə inkişaf tempi davam edir. Kadr potensialının zənginliyini, peşəkar kadrların mövcudluğunu hər bir sahənin inkişafının əsas amillərindən biri adlandıran nazir İ.Kərimov yeni tədris ilində tələbələrə uğurlar arzulayıb.

“Tədbirdə çıxış edən Universitetin rektoru İbahim Cəfərov, Türkiyə Ege Universitetinin professoru İsmail Türkan son illərdə universitetdə kənd təsərrüfatı və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə artmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

“ADAU-nun maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətə davamlı kadr hazırlığının təmin edilməsi, eləcə də yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

“Daha sonra yüksək balla ADAU-ya qəbul olunan tələbələrlə, ikili diplom proqramı çərçivəsində Ege Universitetindən dəvət olunmuş professor-müəllim heyəti, həmçinin ikili diplom proqramı ixtisaslarına qəbul olunan tələbələrlə görüş keçirilib. Qeyd edilib ki, hazırda universitetin 560-dan çox professor-müəllim heyəti 6 mindən çox tələbəyə aqrar elmin dərinliklərini öyrədir. Son illər kənd təsərrüfatı ixtisaslarına qəbulda və keçid ballarının səviyyəsində artım qeydə alınıb. ADAU-nun tarixində ilk dəfə olaraq bu il tələbə qəbulu ən yüksək həddə – 1347 nəfərə çatıb ki, bu da aqrar sahədə təhsilə marağın artdığını göstərir. Universitet dünyanın 26-dan çox ölkəsinin 60-dan artıq universiteti ilə əməkdaşlıq edir. Cari tədris ilindən etibarən Ege Universitetinin aparıcı alimləri universitetdə tədris prosesinə cəlb olunublar. Son illər ADAU-nun beynəlxalq əlaqələrinin genişlənməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Cari tədris ilində universitetə 171 əcnəbi tələbə qəbul olunub.

“Səfər çərçivəsində nazir universitetin Göygöl rayonunda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Süni Mayalanma Mərkəzinə baxış keçirib, iri və xırda buynuzlu heyvandarlıq kompleksləri, eləcə də Arıçılıq Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.