Press "Enter" to skip to content

Prezidentin “France 24” TV-yə müsahibəsi ilə bağlı qeydlər – VİDEO

Prezident İlham Əliyevin “France 24” kanalına verdiyi müsahibə daha bir ustad dərsi oldu. Sentyabrın 28-də yayımlanmış müsahibədə açıq suallara açıq və olduqca inandırıcı – qəti cavabların verilməsi diqqət çəkməyə bilməzdi.

Öncə müsahibəyə Azərbaycan efirində – tərcümədə baxdım. Ardınca da “France 24”ün öz efirində – orijinalda – ingiliscə. Bu da səbəbsiz deyildi. Çünki istənilən halda bir liderin müsahibəsinə, açıqlamasına səsləndirildiyi dildə – ortamda baxmaq daha obyektiv nəticə çıxarmaq üçün gərəklidir.

Beləliklə, Prezidentin müsahibəsində diqqət çəkən nə oldu?

İ.Əliyev hər zamankı kimi arxayın və özünə əmin görünürdü. Səs tonu, suallar qarşısında çox rahat görünməsi istənilən tamaşaçıda ona əlavə rəğbətin yaranmasına səbəb olacaq. Biz nəzərə alaq ki, “France 24” qlobal media qurumlarından biridir və ona yalnız konkret bir coğrafiyada deyil, dünyanın hər tərəfində baxılır. O baxımdan Prezidentin bu müsahibəsindəki əminlik və arxayınlıq bizim üçün olduqca gərəklidir.

Suallara verilən cavablara gəlincə, yaxşı arqumentləşdirilmiş, faktlara söykənən, eyni zamanda danışan şəxsin dilindən əminliklə səsləndirilən olmaları baxımından əlavə təqdir qazanmaları şübhəsizdir.

Biz, əlbəttə ki, Azərbaycan vətəndaşı, eyni zamanda İ.Əliyevin tərəfdarı olaraq onun bu və bənzər çıxışlarını təqdir edə bilərik. Lakin çalışıb yabançı gözü ilə baxmaqda da yarar olduğunu unutmamalıyıq. O baxımdan şəxsən mən bu müsahibəyə, örnək üçün, Azərbaycanın xəritədə yerini belə bilməyən bir Afrikalı gözüylə baxdım. O baxımdan gəldiyim qənaət budur ki, İ.Əliyevin müsahibə boyu sərgilədiyi duruş, özünə əminlik, suallara arqumentləşdirilmiş cavabları, yeri gəlmişkən olduqca sərt suallara təmkinlə cavab verməsi mütləq istənilən şəxsdə rəğbətə səbəb olacaq.

Bu arada əlavə edim ki, elə müsahibənin ardından bəzi sosial media fəalları qoyulan sualların qərəzli olduğunu qeyd etmişdilər. Ümumi rəyin necə olduğunu bilmirəm, lakin bu qənaətdəyəm ki, suallarda hər hansı qərəz hiss olunmurdu. Yəni bir jurnalist elə belə də sual verməlidir. Müsahibi qıcıqlandıracaq, küncə sıxacaq suallar vermək əsl jurnalistikanın tələbidir. O baxımdan “France 24” jurnalisti sualları olduqca etik çərçivədə, lakin sərt gerçəkliklər üzərində qurmuşdu. Və bu da Prezident İ.Əliyev üçün əlavə imkan yaratdı ki, həmin naqolay suallara tutarlı cavablar versin.

Yəni biz bəzən xarici jurnalistlərin verdiyi ürəyimizcə olmayan sualları nəzərə alıb iddia edirik ki, qərəz var. Sanki “France 24” jurnalisti də Az.TV-nin jurnalistidir və bizim hamımızın ürəyincə olan sualları verməlidir. Elə deyil axı. Həm də “France 24” jurnalistinin hansısa ölkənin rəhbərinə rəğbət ifadə etmək kimi bir öhdəliyi də yoxdur. Demək istədiyim odur ki, belə məsələlərdə diqqətli olaq. Əsas odur ki, tribuna verildi, Azərbaycan Prezidenti də hər zamankı kimi o tribunadan yetərincə peşəkarlıqla və səmərəli istifadə elədi.

Yeri gəlmişkən, “France 24” efirində Fransanın özüylə bağlı suala cavab verilməsi də dünyanın diqqətini mütləq çəkəcək. Həm də Ermənistanın. Çünki İ.Əliyev o suala cavabında çox incə məqamlara toxundu. Həm Fransanın tərəfsizliyi ilə bağlı əndişəni dilə gətirdi, həm də sonrakı mərhələdə alınan müsbət siqnallar haqqında danışdı…

Ümumilikdə götürəndə Prezident İ.Əliyevin bu müsahibəsi də ən yüksək dərəcədə ustalıq örnəyi oldu. Eyni zamanda bəzən beynəlxalq platformalarda səsləndirilən, lakin tutarlı-əsaslı şəkildə cavablandırılmadığı üçün Azərbaycanın əleyhinə işləyən xeyli suala cavab verilməsi baxımından bu müsahibə çox dəyərlidir. Elə təkcə Sərhədsiz Reportyorlarla bağlı sual, yaxud da Azərbaycanın guya Ermənistana qarşı torpaq iddiası məsələsi nəyə desən dəyər. Yaxud da hərbi əsirlər məsələsinə gətirilən aydınlıq. Eləcə də Qarabağın statusu, ATƏT-in Minsk Qrupu ilə bağlı fikirlər. Yəni bütün bu məsələlər ən yüksək səviyyədə, ən dəqiq şəkildə aydınlığa qovuşdu.

Sözümün sonunda, hər zamankı fikrimi təkrarlamaq istərdim: xarici media, beynəlxalq qurumlarla belə işləmək lazımdır. Onlarla faktların dili ilə danışanda qarşımızda çıxılmaz duruma düşür və bizimlə hesablaşmalı olurlar. Yoxsa bir çox hallarda görürük ki, bizimkilər adətən Azərbaycana yönəlik çıxışlara Az.TV efirindən cavab verməklə işi bitirirlər. O tərəfdə isə əleyhdarlarımız meydanı boş görüb daha da irəli gedirlər. Demək istədiyim odur ki, elə hər kəs öz sahəsində Prezident İ.Əliyev kimi davransa anti-Azərbaycan qüvvələr üstümüzə gəlməyə əsla cürət etməyəcək…

https://www.youtube.com/watch?v=gnAvouh09u4

Mission News Theme by Compete Themes.