Press "Enter" to skip to content

Həbsdə olan sabiq deputat koronavirusdan vəfat edib

Son yeniləmə: 30 Sentyabr 2021 12:37

Bayraqdar.info – Sentyabrın 30-da keçmiş deputat Rəfael Cəbrayılov koronavirus diaqnozu ilə “Yeni Klinika”ya gətirilib.

TƏBİB-dən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, R.Cəbrayılov xəstəxanaya daxil olarkən saturasiyası 60 olub. Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bundan əvvəl o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə alıb.

Qeyd edək ki, Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Kamil oğlu Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

İbtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə çıxarışın əldə edilməsində köməklik göstərəcəyinə yalan vəd verib. Sabiq deputatın sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə bağlı R.Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Mission News Theme by Compete Themes.