Press "Enter" to skip to content

Nəşriyyat direktorunun işdən azad edilməsinə sözardı

…İllərdir, yazırıq, deyirik, yazmaqdan barmaqlarımız döyənək olub ki, bu “Azərbaycan” Nəşriyyatında bir qayda-qanun yaradılsın. O bina təmirə dayansın və oradakı reket qəzet, jurnal və saytların fəaliyyəti yoxlanılsın. VÖEN-i olmayan, işçisi ilə əmək müqaviləsi olmayan, vergi ödəməyən, adı olub fəaliyyəti olmayan qəzet və jurnalların məsələsi kökündən həll edilsin. Onları açıb işlədənlərin təhsili yoxlanılsın; varmı, yoxmu? Necə olur ki, kafedə qabyuyan, restoranlarda ofisiant işləyən təsadüfi adamlar (xüsusilə qadınlar) bu peşəyə, sahəyə doluşur? Onlarla heç bir əmək müqaviləsi bağlanmadan vəsiqə verib idarə-müəssisələrin canına salıblar? Bu utancverici hal ucbatından biz peşəkar jurnalistlər – 90-cı illərdən gələnlər heç yerdə “mən jurnalistəm” kəlməsini işlədə bilmirik. Qorxuruq ki, bizə də reket gözüylə baxacaqlar. Qorxuruq ki, cəmiyyətin “tullantılarına” sərgilənən münasibəti bizlərə sərgiləyərlər. Nəyə görə jurnalistika bu hala düşdü axı?

“Azərbaycan” Nəşriyyatı kimi bir vaxtlar hörmətli, nüfuzlu bir binada bu gün stomatoloqdan tutmuş taxta-şalban sexinə kimi fəaliyyət göstərir. Ayrı sahələr deyilmi? Stomatoloqa da hörmətim var, taxta-şalban satana da. Amma onların Nəşriyyatla nə əlaqəsi var, bax, onu anlaya bilmirəm.

Bu gün ölkə başçısının çoxdan gözlədiyimiz addımı atıldı. “Azərbaycan” Nəşriyyatının baş direktoru vəzifəsindən azad edildi. Nəhayət ki… Gözlənilirdi, bilirdik ki, Hesablama Palatası orada yoxlamalara başlayıb və bunun sonu belə də bitməliydi.

Deyə bilərsiniz ki, Nəşriyyat yer icarəyə verən orqan idi, icarədarların nə iş görməsi ilə maraqlanmırdı. Xeyr! Elə deyil. Yer icarəyə verən orqan zəhmət çəkib icarədarın orada nə işlə məşğul olması ilə maraqlanmalıydı. Görəndə ki, stomatoloji kabinə açırlar, deməliydi ki, qardaş, sən bunu başqa yerdə aç. Bu binanın profili qəzet, kitab nəşri üçün formalaşdırılıb. Görəndə ki, ali təhsili olmayan, ömründə bir dəfə yazı yaza bilməyən biri qəzet, sayt açıb ondan yer istəyir, deməliydi ki, vətəndaş, VÖEN-inə baxım, qeydiyyatına baxım. Biləndə ki, binanın kafesində alkoqol satılır və onu içmək üçün ora “alkaşlar” yığışır, kafenin rəhbərliyinə alkoqol satışını qadağan etməliydi.

Görəndə ki, əxlaqsız bar qızları (bu, onların davranış və danışıqlarında açıq görünür) doluşublar bu üfunət iyi qoxan binaya, onlara qapı açanı oradan uzaqlaşdırmaq lazım idi. Deyilməli idi ki: “Bura bar deyil!”.

Görəndə ki, qəzet altı ayda bir dəfə çıxır, jurnal ildə bir dəfə, həmin qəzet və jurnalın fəaliyyəti şübhəli gəlməliydi və yoxlanılmalıydı. Əcəba, nəşr olunmursunzsa, o zaman nə işlə məşğulsunuz? Fəaliyyətiniz nədən ibarətdir? Necə olur ki, bir qəzetin 50 “müxbir”i olur, yəni 50 vəsiqəsi paylanır, amma o qəzet nəşr oluna bilmir? Deməli, onlar müxbir yox, reket dəstəsidir.

Maraqlısı bilirsinizmi həm də nədir? Reket qəzet və jurnalların ora doluşmaları. İdarə müdirlərinə zəng vurub “Sizi mətbuatdan narahat edirlər. Sizə çatacaq jurnalımız var, gələk, bizi yola salın”, – deyən ləhcəli “reket”lərin səsinin başına götürdüyü bu bina nə vaxtsa qaydasına düşəcəkmi görəsən?

Sözarası onu da deyim ki, binanın kanalizasiya sistemi o qədər bərbad gündədir ki, üfunət iyi içəri ayaq basan kimi adamı vurur. Yarıqaranlıq dəhlizlər bağıra-bağıra telefonla danışan “kolxoz sədri imicli”, qoltuqları qovluqlu ləhcəylə danışan adamlarla doludur. Onlar kimdirlər, bilən də yoxdur. Hər kimdirlərsə, jurnaistikaya aidiyyəti olmayan adamlardır.

Deyə bilərsiniz ki, bütün bunlara Nəşriyyat rəhbərliyi necə nəzarət edə bilərdi ki? Çox asan. Hər qəzetdən ayda 2 dəfə və jurnaldan ayda 1 dəfə çap olunmanı tələb etmək və mühafizəyə hər qəzet və jurnala neçə “müxbir”in gəldiyini qeyd edib rəhbərliyə təqdim etməklə bilmək olacaqdı ki, hansı qəzet və jurnalda neçə “əməkdaş” çalışır. Onların əmək müqaviləsini yoxlamaq üçün Əmək Müfəttişliyinə müraciət etmək mümkün idi. Axı, Nəşriyyat içəri daxil olanlara buraxılış vərəqəsi verirdi.

Bütün bunları da kim həyata keçirməli idi?

Hmm, elə əsas məsələ də budur ki, bütün bunları Nəşriyyatın rəhbərliyi həyata keçirməliydi. Yer icarəyə verəndə şərtlərini deməliydi. Görün, hansısa Plazada reket qəzet və jurnallar məskən sala bilirmi? Heç vaxt. Çünki, Plazaların ofis xərclərini ödəmək üçün işləmək, fəaliyyət göstərmək lazımdır. Reketlər isə işləmirlər. Onlar birmənalı olaraq küçədən keçənə vəsiqə satır, “işçisi”ni idarə-müəssisələrin qapısına göndərir və pul diləndirirlər. Reketliyin bir adı da mədəni dilənçilikdir. Deyəsən, bu dilənçilərdən xilas olmaq zamanı yaxındadır axı…

Sonda: Sentyabrın 30-da Prezident İlham Əliyev “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərovu işdən azad edib.

Mission News Theme by Compete Themes.