Press "Enter" to skip to content

Cəbrayıla Suqovuşan…

Bizim Ayxanın ağır sualı

İllər öncə bizim Ayxana dərs hazırlığında kömək edərkən, onun qəfil və ağır sualı ilə qarşılaşdım: “Ata, elə həmişə ermənilər bizi qırıb? Həmişə onlar qalib gəlib?” Əlbəttə, sualın nədən qaynaqlandığını bilirdim. Ard-arda gələn “işğal günləri”, 26 fevral – Xocalı Soyqırımı, 31 mart – Azərbaycanlıların Soyqırım Günü dərsliklərimizdə öz yerini alıb və şagirdlərə öyrədilir; Ayxan da millətimizin bütün övladları, düşüncəli həmyaşıdları kimi öz millətini, ölkəsini məğlub, qırılmış-çatılmış görmək istəmir, belə bir mənzərəni qəbullana bilmirdi. Amma bir ibtidai sinif şagirdinə uzun-uzadı siyasi əsaslardan, böyük dövlətlərin maraqlarından, Ermənistanın “maşa” olmasından və s. danışmaq doğru olmazdı, mən də mümkün anlayış şəkli ilə durumu izah etməyə çalışdım. Çalışdım inansın ki, yazılanlar başqa, gerçək həyatda olanlar başqadır; dedim ki, narahat olma, indiyədək də intiqam almışıq, gələcəkdə də intiqam alacağıq. I Qarabağ müharibəsinə aid hərbi uğurlarımızı əks etdirən videomateriallar tapdım Youtube-dan, onları göstərdim. Ayxana təskinlik verdim bir təhər, amma özümə təskinlik verə bilmədim təbii. Təbii, hansı tərəfə çəksəm, hansı səbəblər gətirsəm və desəm də ki, ikili standartlar var, yenə özüm fikrən təmin olunmurdum. Torpaqlarımı işğalda saxlayan heç bir şərt, heç bir izahat, əsaslandırma məndə fikri, ruhi təminat yarada bilməzdi, təbii.

Uzun sözün qısası, 27 sentyabr 2020-ci ilədək necə dözdüyümüzü, nə təhər səbr etdiyimizi bəlkə də gələcək araşdırmaçılar daha doğru-dürüst qiymətləndirə biləcək, olsun ki bizi ayaqda saxlayan hadisənin adı inam olacaq: haqqın nazilsə də üzülməyəcəyinə olan inam! İnam yoxsa, dözüm, səbr bir kateqoriya olaraq zədələnər, sıradan çıxardı yəqin. Özü də, mən inam sözü ilə yalnız mistik, ilahi qüvvələri, kainatın ruhunu nəzərdə tutmuram, öz dövlətimizə, öz xalqımıza, öz qardaşımıza inamı da nəzərdə tuturam. Başqa nə bizi bunca diri saxlaya bilərdi ki? – Özü də ən azı 26-27 il boyunca! – Bir igid ömründən daha artıq…

7 maddə

Budur, biz övladlarımıza, ixtiyarlarımıza, kövrəklərimizə və qəlbinurlarımıza haqqın nahaqq üzərindəki qələbəsindən danışırıq, onları qutlayırıq, onlara sevinc paylayırıq, onların sevincini bölüşür, çoxaldırıq!

Siz Prezidentin Suqovuşanda, Cəbrayılda çıxışlarına diqqət etdinizmi? Diqqət etdinizmi, Prezident yalnız özünü deyil, rəhbəri olduğu ölkəni, xalqı necə ifadə edir, necə təmsil edir? Qürur duyuruq! Ürəyimizdən tikan çıxır! O sözlər ürəyimizə sarı yağ kimi yayılır. Bilirsiz, Suqovuşanda, Cəbrayılda BMT tribunası, ATƏT zirvəsi yoxuydu, ancaq Suqovuşanda, Cəbrayılda Prezidentin verdiyi ismarıclar beynəlxalq ictimai fikrə BMT, ATƏT və b. tribunalardakı çıxışlardan az təsir etməyəcək. Deyim nə üçün?

Birincisi, ona görə ki, konkret ünvanlı ismarıclar vardı, o ismarıclar hər dəfəsində bir şəxsə (ölkəyə) deyil, bir neçə şəxsə (ölkəyə) ünvanlanırdı;

ikincisi, söz deyən qalib ölkənin Prezidenti – Müzəffər Ali Baş Komandandır (və məhz hərbi formadaydı);

üçüncüsü, Prezidentin Suqovuşana, Cəbrayıla səfərdən öncə nüfuzlu media orqanlarına – “Nasionalnaya oborona” (Rusiya), “Anadolu” (Türkiyə), “France-24” (Fransa) və az öncə EFE-yə (İspaniya) verdiyi müsahibə, Suqovuşan və Cəbrayılda səsləndirdiyi fikirlərə yaxşı zəmin rolunu oynadı;

dördüncüsü, 44 günlük müharibənin ildönümüdür – hər gün bir neçə kəndin, qəsəbənin və şəhərin azad olunmasının birinci ildönümünü bayram edirik – bu fonda bütün maraqlı tərəflərin gözü, qulağı regiondadır;

beşincisi, İran adlanan dövlətin (hər iki tərəfi dədə-babadan Azərbaycan olmuş) Araz çayı boyunca hərbi təlimlər keçirməsi, İran adlanan dövlətin rəsmilərinin hansısa mollasından tutmuş nazirinədək buraxma bəyanatlar səsləndirməsi də, Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycana (ümumən regiona) diqqətini şərtləndirməkdədir;

altıncısı, adıyaman bəlli Serjik Azatoviç Sarkisyan yeni “açıqlama” verdi və İlham Əliyevdən sarsıdıcı cavabı Suqovuşanda aldı;

yeddincisi, Rusiya-Türkiyə dövlət başçılarının görüşündə Azərbaycanın maraq dairəsində olan mövzulara, ilk növbədə 44 günlük müharibədən sonra yaranmış yeni gerçəkliyə diqqət çəkilməsi, habelə Gürcüstan Baş nazirinin Bakıya səfəri də qonşularımızın siyasi gündəmini xatırlamağı vacib qılır. Azərbaycanın aid olduğu regionda Azərbaycandan və Azərbaycanın əvəzsiz qardaşından qıraqda hansısa mühüm hadisə ya cərəyan edə bilməz, ya da o hadisənin təşkilatçıları, təqibçilərinin düşündükləri kimi sonuclanmaz.

Yəni ya Azərbaycanla işləməli, Azərbaycanı dinləməli, Azərbaycana sayğı duymalısan, ya da uğursuzluğa imza atmalısan! Azərbaycana sayğı duymayanların gec-tez hansı aqibətlə üzləşdikləri bəsbəllidir. Belə bir aydın mənzərə fonunda Azərbaycan Prezidentinin Suqovuşanda, Cəbrayılda verdiyi ismarıclar, ümumən Tərtərə, Bərdəyə, Cəbrayıla səfərləri hadisə kimi hadisədir. Doğrudan da nəyi, nə vaxt, necə və harda demək lazım olduğunu yaxşı bilən dövlət və siyasət xadiminin yeni diskursuna şahid olduq: nitqin məntiqliliyi, çıxışdakı əlaqəlilik, fikir bütövlüyü – məhz dərin düşüncəyə əsaslanmış fikirlər toplusu… Suqovuşan və Cəbrayıldakı çıxışlar, özündən öncəki uyğun profilli çıxışları yada saldı – necə ki müsahibələri öncəki müsahibələrini (örnəyi, EFE-yə 04.12.2020-ci ildə, 02.10.2021-ci ildə) sövq-təbii xatırladır – məntiqi bağlılıq, fikri ardıcıllıq, sözübütövlük…

Beləliklə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Tərtər, Bərdə və Cəbrayıl rayonlarına səfəri, səfər günlərində qalmayıb, qarşı günlərin gündəminə də öz əsaslı təsirləri ilə zəngin oldu.

Azadlıq Günəşi salama gəlir…

Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan 2020-ci il oktyabrın 3-də, Cəbrayıl şəhəri isə oktyabrın 4-də azad edilib. Azərbaycan Prezidenti bu əlamətdar ildönümünü bölgəyə səfərlə süslədi, yeni çəkilmiş yolun açılışını etdi, daha yeni yol çəkilişinin planı ilə tanış oldu. “Yol – iqtisadiyyat, mədəniyyət. Bir sözlə, həyat deməkdir” (H.Əliyev). Qarabağa kənd-kənd, şəhər-şəhər mədəniyyət qayıdır! Öncəki yazılarımızda da vurğuladğımız kimi, işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə keçid baş verir; işğal zülməti aradan qaldırılır, azadlıq Günəşi qurucuları, bərpaçıları salama gəlir. Qarabağ azadlıqdan abadlığa sürətli, keyfiyyətli, qarşısıalınmaz keçid edir. Ötən il müharibə meydanında xarüqələr yaradan Azərbaycan, indi də sürətli və keyfiyyətli quruculuqda, abadlıqda mözücələr yaradır: Suqovuşanda bayraq qaldıran Ali Baş Komandan, Cəbrayılda şəhərin təməl daşını qoydu! Cəbrayıl öncəki Cəbrayıldan əlbəttə, yaxşı olacaq; ancaq Cəbrayılın şəhər yaddaşı unutmayacaq, unutdurmayacaq: nə işğal zülmətini, nə azadlıq Günəşini!.. Suqovuşan yalnız fiziki, coğrafi yaxud fiziki-coğrafi anlam daşımır, ruhi-mənəvi, psixoloji anlamlarla yükümlüdür: axırımızın su kimi durulacağını hələ 1 il öncə Suqovuşanın azadlığı müjdə vermişdi. Elə o vaxt, bu vaxt qovuşdurana şükürlər dilimizdən əskik olmur. Suqovuşanda sular qovuşur, illər qovuşur, ellər qovuşur, xatirələr qovuşur, keçmişlə gələcək qovuşur! Qovuşur ki, ən yaxşı cəhətlərimiz, ən üstün yönlərimiz birləşsin, ağırlığımız-uğurluğumuz suda batsın, odda yansın!

Daha Suqovuşanın suyunun ağzı qışda selləmə açılıb, yayda yezidcə bağlanmır. Nə suyun, nə suçunun yeri səhv düşməyib artıq. Hər şey yerli yerindədir.

Suqovuşan su anbarına nəzarətin təmin edilməsi, Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlarımızın su təminatı probleminin həllinə ciddi təsir etdi. Ümumən işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının səmərəli idarə olunması yönündə tədbirlər həyata keçirilir.

İndi neçə-neçə gəncimizin, hərbçimizin “Suqovuşanın azad olunmasına görə” medalı var. Əgər nəzərə alsaq ki, digər medallarımız rayonların adı ilə bağlıdır, o zaman bir qəsəbənin azad olunmasına görə medal təsis olunmasının mahiyyəti aydın olur. Suqovuşan bir qəsəbədən daha artıqdır yəni. Suqovuşanın işğaldan azad olunması, Ordumuzun gücünü, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlığını təcəssüm etdirir.

Yarılan cəbhə

Ötən il müharibənin ilk günü, ön cəbhə yarıldıqdan sonra azad olunmuş kəndlərimizin ardınca, strateji önəmli Suqovuşan və Talışın azad edilməsi ordumuzun özünə də, bütövlükdə xalqımıza da mənəvi güc verdi, gücümüzə güc qatdı: biz bacararıq! – dedik və bacardıq!

2016-cə il Aprel Döyüşlərindən sonra yenidən Talışa qayıda bilmiş ermənilər, Talışın və Suqovuşanın qəti, birmənalı azad edilməsindən sonra öz ordularının “güc”ünü sorğulamağa başladı, yalan pərdəsi cırıldı; işğalçılar arasında çaxnaşma düşdü, gərginliklər yaranmağa başladı.

Azərbaycan Prezidenti Talış kəndinə də səfər edərək, burada işğalçıların dağıtdığı alban-udi və pravoslav kilsələrinə baş çəkdi. İşğalla azadlığın, vandallıqla quruculuğun, Ermənistanla Azərbaycanın fərqi budur: onlar Allah evini dağıdır, təhqir edir, özününküləşdirir, özgələşdirir, biz isə işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla ölkə boyu xristian irsinə sayğı ilə, qayğı ilə yanaşırıq.

“Smerç” düşən ev

Vətən Müharibəsi vaxtı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhər sakini Sahib İsmayılovun evinin dağıdılmasını xatırlayırıq. Pezident dağıntı yerinə getdi, orada tikilmiş yeni ev və evdə yaradılan ortamla tanış oldu. Evyıxanların başına Dəmir Yumruq endikdən sonra bölgəyə hüzur, əmin-amanlıq gəlməsinin bir nişanəsi də “Smerç düşən ev”in yerinə yenisinin tikilərək sahibinə verilməsidir. Evyiyəsi, Qarabağyiyəsi, Həqiqətyiyəsi, Haqyiyəsi belə olur!

Bərdə nə gözəldir, necə qəşəngdir…

Azərbaycan Prezidenti Bərdə rayonuna səfər edərək, Peşə Liseyinin açılışını etdi. Təhsil, səhiyyə, mədəniyyət və başqa əməli çalışma sahələrində özünəxas gələnəkləri olan Bərdə, (yanılmıramsa) bölgələrimiz arasında ilk elektron kitabxanaya da malikdir. Zehni əmək, fiziki əmək bəlkə də daha çox peşə təhsili müəssisələrində çiçəkləyir.

Təhsil infarstrukturunun təkmilləşdirilməsi, peşəyönümlü təhsilin meydanının genişləndirilməsi və yenidən qurulması yönündə ölkə miqyasında ardıcıl və sonuclu işlərin görülməsi ümumi işin xeyrinədir.

Peşə, peşəkarlıq və…

Suqovuşandan, Talışdan, Cəbrayıldan danışarkən, ümumən müharibədən və sülhdən danışarkən ana xətt olaraq keçən sözlərdən biri də peşəkarlıqdır. – Peşəkarlıq sözünün kökü peşədir. Peşə elə bir kateqoriyadır ki, Nizami İlində, Nizaminin öydüyü şəhərdəki Peşə liseyindən danışarkən də məşhur sözləri yadımıza salır: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Və fikirləşirəm ki, ötən il Bərdəni də qadağan olunmuş raketlərlə vuran, günahsız mülki insanların ölümünə səbəb olan Ermənistanda hazırda palançı da, papaqçı da bir-birinə qarışıb: papaq var, baş yoxdur, baş var papaq yoxdur… palan var, uzunqulaq yoxdur, uzunqulaq var, palan yoxdur… Xar-xəryə bir-birinə qarışıb: Nikolyası belə, Serjiki elə, Roberti elə-belə… 30 illik qudurmuşluq sindromudur bəlkə… Səngiyəcək…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Mission News Theme by Compete Themes.