Press "Enter" to skip to content

İran yalan və böhtanlarından əl çəksin

Bayraqdar.info – Oktyabrın 11-də Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, son günlərdə İran İslam Respublikasının mediasında dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib.

“DSX rəsmi olaraq bildirir ki, Azərbaycan dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq.

“Azərbaycan ərazisində xaricdən gəlmiş təfriqçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.

“Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qurumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyil. Azərbaycanın dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan DSX-nin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

“Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycanın suveren hüququdur.

“Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq, bu günədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.

“Hazırda İran ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır. Dövlət sərhədində Azərbaycanın dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

“Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, – deyə məlumat bu sözlərlə bitir.

Mission News Theme by Compete Themes.