Press "Enter" to skip to content

“Dron idarəedilməsi və dəqiq aqronomluq”

Bayraqdar.info – Oktyabrın 14-də İsmayıllı rayonuna mediatur təşkil edilib.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

“Mediaturun məqsədi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislər tərəfindən keçirilən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq olub. Həmçinin, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə görüşün keçirilməsidir.

“Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak edirlər.

“Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olublar. Daha sonra mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib. Təlim iştirakçıları tərəfindən sahədə dronların uçuşu həyata keçirilib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimlər Agentliyin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə israilli mütəxəssislər tərəfindən keçirilir. Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək.

“Oktyabrın 19-dək davam edəcək təlimlərdə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim iştirak edir. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarə olunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Qeyd edilib ki, kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər. Mediatur davam edir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.