Press "Enter" to skip to content

VI Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bayraqdar.info – Oktyabrın 16-da VI Respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Xəbər bayraqdar.info-ya oktyabrın 16-da Təhsil Nazirliyindən verilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, şagird və valideynlər iştirak ediblər.

“Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Nazirliyin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi barədə danışıb. Fuad Qarayev deyib ki, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır.

“Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkədə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şagirdlərin əldə etdikləri uğurlardan danışan nazir müavini bildirib ki, beynəlxalq yarışma qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məktəbliləri olimpiadalarda iştiraka daha da stimullaşdırır.

“F.Qurbanov çıxışının sonunda qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Tədbirdə beynəlxalq olimpiada qaliblərinin təbrik videoçarxı nümayiş olunub. Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.