Press "Enter" to skip to content

Atalar üçdən deyib, yaxud İran üçün əcəl zənginin vaxtı

Nadir AZƏRİ

Bayraqdar.info – Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri həm ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələndi, həm də regionda yeni reallıqlar yaratdı. Lakin təəssüflər olsun ki, bu qələbəmizi həzm edə bilməyən cənub qonşumuz İran eyni zamanda yeni reallıqlarla da ayaqlaşmaq iqtidarında olmadığını sərgiləyir. Hər halda İran rejiminin son vaxtlar sərgilədiyi anormal mövqe bunu açıq şəkildə təsdiqləyir.

Onu da qeyd etməyi borc bilirik ki, İran rejiminin Azərbaycanı hədəfə götürən bu davranışı artıq bumeranq effekti verməyə başlayıb. Yəni, onsuz da dünyada xoş qarşılanmayan İran son davranışları ilə regionda da təklənib. Bu gün regionda İranın normal münasibətdə olduğu tək dövlət Ermənistandır. Çünki son proseslər, daha doğrusu rəsmi Tehranın sərgilədiyi “Ağanəzərəm, belə gəzərəm” tipli mövqe Rusiyanı da incik salıb.

Bu məqamda bildirmək yerinə düşər ki, yayılan məlumatlara görə, İsrail, Rusiya və ABŞ-ın milli təhlükəsizlik şuralarının rəhbərləri İranla bağlı görüş keçirəcək. Bildirilir ki, İsrailin Rusiyadakı səfiri Aleksandr bin Zevi rəsmi Təl-Əviv, Moskva və Vaşinqtonun İran və Suriya ilə bağlı birgə görüşün keçirilməsi haqda razılaşma əldə edildiyini qeyd edib. O, oktyabrın 16-da Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində deyib ki, görüşün günü və saatı hələlik dəqiqləşdirilməyib. Səfir habelə görüşdə İran, Suriya və Yaxın Şərq bölgəsi ilə əlaqədar bir sıra məsələlərə dair fikir mübadiləsi aparılacağını da deyib.

Xarici mediada yayılan xəbərlərdə həmçinin, Rusiya Prezidenti Vladimir Putinin İsrail Baş naziri Naftali Bennet ilə oktyabrın 22-də Soçidə baş tutacaq görüşündən sonra üçtərəfli görüşün yerinin və vaxtının bəlli olacağı qeyd edilib.

Beləliklə, gözlənilən üçtərəfli görüçün gündəmində Suriya və İranın olması dünyanın yeni anlaşma, əslində buna yeni geosiyasi bazarlıq da demək mümkündür, astanasında olduğunu deməyə əsas verir. Bəlli olduğu kimi həmin üç ölkənin xarici siyasət gündəmini də daha çox bu iki məsələ zəbt edir.

Birinci məsələyə gəlincə, əksər ekspertlərin də vurğuladıqları kimi Suriyadakı böhran və ya vətəndaş müharibəsi hər üç ölkəni narahat edir. Məsələn İsrail bu münaqişə nəticəsində öz təhlükəsizliyinə təhdid elementlərinin bir az da artacağından qorxur. Öz növbəsində ABŞ və Rusiya Suriyada uzun müddətdir davam edən qeyri-stabil vəziyyətdən çıxış üçün həll yolu axtarırlar.

Əslində birinci məsələ özlüyündə dolayı yolla ikinci məsələni də ehtiva edir. O baxımdan ki, Suriyada normallaşmanın olmamasında İranın da rolu var. Yəni İranın Suriyadakı silahlı qruplaşmalardan bir hissəsinə təsir imkanları, daha doğrusu orada silahlı terror qruplarına dəstəyi həm ABŞ-ı, həm də İsraili ciddi şəkildə narahat edir.

Lakin İran təkcə Suriya cəbhəsində deyil, ümumilikdə digər məsələlərdə də İsrail və ABŞ-a müəyyən maneələr yaradır. Xüsusilə də İranın nüvə proqramı bu iki ölkəni ciddi şəkildə narahat edir. Gözləmək olar ki, üçtərəfli görüşdə bu cütlük Rusiyadan İrana təzyiq etmək üçün dəstək istəyəcək. Bəs Rusiya bu dəstəyi verə bilərmi?

Bu suala cavab vermək üçün yenidən girişdə toxunduğumuz məqama qayıtmaq yerinə düşər. Söhbət İranın son davranışları ilə həm də Rusiyaya “ayaq bağı” olmasından gedir.

Yəni Rusiyanın İsrail və ABŞ-la İran məsələsini müzakirə etməyə qərar verməsi həm də İranın Zəngəzur dəhlizinə əngəl törətmək cəhdlərindən qaynaqlanır. Çünki Zəngəzur dəhlizini hamıdan çox Rusiya istəyir. Ermənistan birbaşa dəmir yolu məhz ordan keçir. Lakin İran bütün varlığı ilə bu dəhlizin açılmasına əngəllər törədir. Ona görə də Rusiya belə bir durumda İranın qatı əleyhidarı olan iki dövlətlə müzakirələr aparmağa maraqlı görünür.

Bu sırada çox da uzaq olmayan tarixə ekskurs etmək də yerinə düşər. Belə ki, bir vaxtlar Səddam Hüseyn məhz Rusiyaya arxayın olaraq Qərbə dirəniş göstərirdi. O dövrdə kimsənin ağlına gəlməzdi ki, Rusiya İraqdan vaz keçə bilər. Lakin Rusiya özünün uzaqmənzilli maraqları naminə Qərblə qapalı razılaşmaya gedərək, necə deyərlər Səddamın timsalında İraqı qurban verdi.

Elə isə İranla bağlı da eyni halın yaşanmayacağına kimsə təminat verə bilməz. Yəni, nəzərə alsaq ki, üçtərəfli görüş masasında Suriya və İran məsələsi qoyulub və hazırda Rusiyanı İrandan daha çox məhz Suriyada mövcud olmaq maraqlanır, o zaman bu görüşün İran üçün necə deyərlər əcəl zəngi rolu oynaya biləcəyini ehtimal edə bilərik. İraqdan fərqli olaraq İranın Rusiyanın Qafqaz siyasətinə maneələr törətməsi isə bu ehtimalı daha da gücləndirir.

P.S. Heç şübhəsiz bütün halalrda saatlar Azərbaycanın xeyrinə işləyir. Anlaşılan İranın regionda və dünyada cərəyan edən prosesləri düzgün dəyərləndirə, reallıqlarla ayaqlaşa bilməməsi molla rejimini çıxılmaz labirintə salıb.

Mission News Theme by Compete Themes.