Press "Enter" to skip to content

Şəhid generalın layiq görüldüyü ödül anasına təqdim edilib

Bayraqdar.info – Türkiyənin öndə gələn təşkilatlarından olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (“EkoAvrasiya”) təsis etdiyi “Avrasiya Xidmət Ödülləri”nin növbəti təqdimat mərasimi keçirilib.

Bu barədə bayraqdar.info-ya “EkoAvrasiya”nın təmsilçisi, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç məlumat verib.

Onun sözlərinə görə, ötən il işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar nəticəsində şəhid olan general Polad Həşimov da “EkoAvrasiya” tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb: “Bildiyiniz kimi, “EkoAvrasiya” ənənəvi olaraq hər il “Avrasiya Xidmət Ödülləri”ni təqdim edir. Bu il bu ödülə layiq görülənlərdən biri də şəhid generalımız Polad Həşimovdur”.

H.Kılıç deyib ki, təltifetmə mərasimində mükafat şəhid generalın anası Səmayə Həşimovaya təqdim olunub. Mükafatı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar, Ankara valisi Vasip Şahin və Hulusi Kılıç təqdim ediblər.

Qeyd edilib ki, “EkoAvrasiya”nın rəhbəri Hikmet Eren mərasimdəki çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O, “EkoAvrasiya”nın  əsas fəaliyyətinin türk dünyası ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu münasibətlərin inkişafına kömək etmək istiqamətində olduğunu deyib.

Çıxışında “Avrasiya Hizmət Ödülü”nün Səmayə Həşimovaya təqdim etməkdən qürur duyduqlarını da deyən H.Eren şəhidin ailəsinin də belə bir mükafatı məmnuniyyətlə qarşıladığını vurğulayıb. O,  buna görə şəhid generalın anasına təşəkkür edib.

H.Kılıç onu da bildirib ki, mərasimdə həmçinin, KKTC Cümhurbaşqanı Ersin Tatara da “Avrasiya Hizmət Ödülü” təqdim edilib.

Məlumat üçün bildirək ki, bu il mükafat alanlar arasında AK Parti Bursa millət vəkili Osman Mesten, AK Parti İstanbul millət vəkili Şamil Ayrım və Mamak Bələiyyəsi də var.

Mission News Theme by Compete Themes.