Press "Enter" to skip to content

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib

Bayraqdar.info – TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası videokonfrans formatında keçirilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 22-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xəbər verilib.

İclasın proqramına TRASEKA Hökumətlərarası Komissiyaya sədrliyin Azərbaycandan Bolqarıstana ötürülməsi, eləcə də TRASEKA çərçivəsində Daimi və Milli Katiblərin iştirakı ilə razılaşdırılmış konsepsiya, fəaliyyət planı, hesabat kimi sənədlərin təsdiq edilməsi ilə bağlı məsələlər daxil edilib.

“Sözügedən tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TRASEKA çərçivəsində mövcud praktikaya uyğun olaraq ölkə adından Hökumətlərarası Komissiyaya sədrliyi Bolqarıstana təhvil verib.

“Nazir Azərabycanın sədrliyi dövründə TRASEKA çərçivəsində, eləcə də ölkə tərəfindən Avropa – Qafqaz – Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülmüş işlər barədə danışıb.

Çıxışda, həmçinin ölkənin işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra nəqliyyat və iqtisadi əlaqələrin bərpasının TRASEKA dəhlizinin daha da inkişafı və genişlənməsinə töhfə verəcəyi qeyd olunub. İşğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında iclas iştirakçılarına məlumat verilib.

“Eyni zamanda, TRASEKA dəhlizinin rəqabət qabiliyyətinin artırılması istiqamətində bir sıra sahələrdə, xüsusilə sərhəd-keçid prosedurlarının harmonizasiyası, daşımalarda tənzimləyici və inzibati baryerlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bu prosesdə hərəkətverici amil kimi rəqəmsallaşmanın zəruriliyi qeyd olunub, TRASEKA-nın rəqəmsallaşma konsepsiyası alqışlanıb.

“İclasın sonunda TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci iclasının Yekun Qətnaməsi və Sofiya Bəyannaməsi  qəbul edilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.