Press "Enter" to skip to content

Azərbaycan Turizm Bürosunun növbəti uğuru

Son yeniləmə: 28 Oktyabr 2021 18:27

Bayraqdar.info – Oktyabrın 23-də Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış “Iter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Turizm Bürosu “Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu” mükafatı ilə təltif olunub.

Bu barədə bayraqdar.info-ya oktyabrın 25-də Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, mükafat İtaliyanın Mədəniyyət Nazirliyinin Avropa Şurasının Mədəni Marşrutlar üzrə nümayəndəsi Giuliana De Françesko tərəfindən Azərbaycanın Siciliya və Kalabriyadakı fəxri konsulu Domeniko Kokoya təqdim olunub.

O da vurğulanıb ki, İtaliyanın Siciliya bölgəsində keçirilən tədbirdə müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar “Iter Vitis” beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab irsini və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini daşıyır.

Məlumat üçün bildirək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən “Iter Vitis” beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub.

Mission News Theme by Compete Themes.