Press "Enter" to skip to content

İqtisadiyyat Nazirliyində şəhid Asəf Nəsibovun xatirəsi anılıb

Bayraqdar.info – Oktyabrın 26-da “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin inzibati binasında İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun anım günü keçirilib. Burada şəhidin xatirə lövhəsinin açılışı olub.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsibir dəqiqəlik sükutla yad edilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini deyib. O, bu böyük Zəfəri xalqımıza müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusunun bəxş etdiyini vurğulayıb.

Qeyd edilib ki, 27 sentyabr tarixində başlanan Vətən müharibəsində xalqımız Ali Baş Komandanın ətrafında daha sıx birləşdi: “Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gənci cəbhəyə könüllü getmək üçün müraciət etdi. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad oluması üçün əlindən gələni etdi. İqtisadiyyat Nazirliyinin 141 əməkdaşı da Vətən müharibəsindəiştirak edib, həmkarımız Asəf Nəsibov şəhidlik zirvəsinə ucalıb”.

Bildirilib ki, Asəf Nəsibov Vətən müharibəsinin könüllü iştirakçısı olub, Cəbrayıl, Qubadlı, Laçın rayonlarının işğaldan azad edilməsində qəhrəmancasına vuruşub və Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə göstərdiyi igidlik və şücaətə görə Asəf Nəsibov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhid Asəf Nəsibovun atası Səfəralı Nəsibov şəhidlərin heç vaxt unudulmadığını, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib, qəhrəmanlarımızın qürür yerimiz olduğunu vurğulayıb.
Anım tədbirində şəhid Asəf Nəsibovun xatirəsinə həsr edilmiş “Vaxtsız solan ömür” qısametrajlı filmi nümayiş olunub.

Mission News Theme by Compete Themes.